Azərbaycanlı aktyor: "İndiki komediyalar bambılılıq, obrazlar isə bambılı obrazlardır"

24 Mart, 2017 16:03 | Mədəniyyət | Baxış sayı: 857
Anar Əliyev
Anar Əliyev

Aktyorların qonorarları çox aşağıdır

Film sənayesinin inkişafı birbaşa ona ayrılan maddi vəsaitdən asılıdır. Bura eyni zamanda sənət adamlarının, aktyorlarının maddi rifahları da daxildir. Yaradıcı insanların güzəranın yaxşılığı onların yaradıcılığına birbaşa təsir edən amildir.

Məhz həvəslə baxdığımız dünya ulduzları bir film çəkilişlərindən ağlasığmaz qonorarlar alır.

Məsələn, aktyor Dueyn Conson ötən il ərzində 64 milyon dollardan çox qazanc əldə edib. Onun rol aldığı film isə kinoteatrlardan 474 milyon dollar gəlir əldə edib.

Aktrisa Cennifer Lourens isə 2016-cı ildə bank hesabını 46 milyon dollar artırıb. “Ac oyunlar” və “İks adamlar” filminin əsas qəhrəmanı olan aktrisa oynadığı filmlərə 653 milyondan çox qazanc gətirib.

“Çətin tapşırıq” filmlərinin baş qəhrəmanı Tom Kruz isə keçən il 53 milyon, Ceki Çan 61 milyon, Skarlett Yohansson 25 milyon, Cennifer Eniston isə 21 milyon dollar qazanıb.

Onların hər biri qiyməti on milyonlarla ölçülən imarətlərdə yaşayır.

Azərbaycanda isə vəziyyət təmamilə fərqlidir.

Aktyor Anar Əliyev bu haqda geniş və ətraflı məlumat verdi. O, hazırda çəkilən film və seriallarda aktyorlara verilən qonorarın utancverici məbləğ olduğunu dilə gətirdi:

“Bu gün filmlərdə bir aktyora verilən məbləğ 50-100 manat arası dəyişir. 100 manatı da nadir hallarda verirlər. Ən yaxşı halda xalq artistlərinə verilən qonorar 75 manatdır”.

O, bu gün aktyorların müqaviləsiz işə cəlb olunmasından da narahatlığını bildirib:

“Müqavilə tələb edən kimi “demaqoq” adlandırıb, çəkilişdən kənarlaşdırırlar. İndi rejissorlara güclü aktyorlar lazım deyil. Film çəkənlər ancaq ucuz başa gələn, çox gəlir götürəcək iş barədə düşünürlər”.

“Kağız qəbir” filmində baş rolu canlandıran Anar Əliyev bu film üçün də qonorarının az olmasını bildirdi:

“Bu film türklər tərəfindən maliyyələşdirilmişdi. Buna baxmayaraq baş rolu canlandırmaq üçün qonorarım heç 500 manat da deyildi. Bu o demək deyil ki, mən qonorardan narazıyam. Vətənpərvər ruhda olan film olduğundan mən buna razılaşdım. Pul verməsəydilər də, mən o filmə çəkilərdim. Filmin çəkilişləri həm Azərbaycanda, həm də Türkiyədə reallaşdı. Orada bizə olan münasibəti görən aktyorlar təəccüblərini gizlədə bilmirdilər. Hətta zarafatyana da deyirdilər ki, evdə görmədiyimiz diqqəti bizə burada göstərirlər. Bu, sənətə və sənətçiyə olan qiymət idi. Bu münasibətin qarşılığında aktyor daha da həvəslə öz rolunu canlandırır.

Bir sıra serialda epizodik rol oynayan aktyor heç vaxt serialda çəkilməyəcəyini bildirib:

“Çox qəribə tendensiya yaranıb. Aktyorlar seriala çəkilir. Rejissor ilə aktyor arasında münasibət pis olsa, dərhal həmin obraz serialda ölür və onu başqası ilə əvəz edirlər. Ya da 4-5 seriya çəkilir, amma aktyorlara pul verilmir. Serial efirə çıxdıqdan sonra çəkiliş sənət adamları qonorarlarını alır”.

Anar Əliyev yerli tamaşaçıdan da narazılığını bildirib:

“Bu ilin əvvəli “Kağız qəbir” filminin təqdimatı oldu. Çox sayda ziyalı adam gəldi. Amma zal ağzına kimi dolmadı. Gəlin ondan bir gün əvvəl və bir gün sonra təqdim olunan komediya filmlərinə baxaq. İynə atmağa yer yox idi. Mən komediya filmlərinin əleyhinə deyiləm; əgər o komediya situasiyaya uyğundursa. Amma söz oyunu olan komediyalar, ağzına gələni deməklər, özünü dəliliyə vurmaq komediya deyil. Əliağa Ağayevin “Odey, taksi, min, get”, Bəşir Səfəroğlunun “Ölünün də qıdığı gələr?” sözləri indiyədək hər kəsin yadındadır. Bunlar komediyadır. İndikilər isə bambılılıqdır. Kimin yadındadır, indiki komediyalardan olan sözlər? İndiki obrazlar da bambılı obrazlardır”.

Qeyd edək ki, Azərbaycanda əksər sənət adamları kasıb şəraitdə yaşayır. Bəziləri isə kasıbçılıq içində, xəstəliklərini müalicə etməyə maddi imkanı olmadığından dünyalarını dəyişiblər. Onların sırasında Xanım Qafarovanı, Nuriyyə Əhmədova, Gülnar Salmanovanı misal göstərmək olar.