"Yaddaş" yenidən kinoteatrlarda - FOTO, VİDEO

23 Mart, 2017 19:03 | Mədəniyyət | Baxış sayı: 966
"Yaddaş" - Vahid Mustafa Yevin filmi
"Yaddaş" - Vahid Mustafa Yevin filmi

Nümayiş baş tutdu

Bu gün Nizami Kino Mərkəzində rejissor Vahid Mustafayevin "Yaddaş" filminin nümayişi keçirilib.

İstiPress xəbər verir ki, film ilk olaraq ölkənin ziyalı simaları, yaradıcı kollektiv üçün qapalı nümayiş olunub.

Qarabağ döyüşlərindən bəhs edən filmi izləyənlər sırasında rejissor Vahid Mustafayev, əməkdar jurnalist Mir Şahin, xalq artisti, rejissor Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, kinorejissor Vasif Babayev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Kənan Musayev, aktyorlar Şövqi Hüseynov, Anar Heybətov, Mənsumə Babayeva, Həmidə Ömərova və bir sıra digər ziyalı şəxslər olub.

Filmdən sonra ilk olaraq çıxış üçün nitq "Yaddaş" filminin rejissoru Vahid Mustafayevə verildi. O, ərsəyə gətirdiyi bu filmi hər dəfə izlədikdə gözlərinin yaşardığını bildirdi:

"Hər dəfə bu filmə baxanda gözümdən yaş gəlir. Baxmayaraq ki, mən həyatda çox şey görmüşəm. Yəqin bu ona görədir ki, bu mənim həyatımın həqiqətidir. Bu gün burada Azərbaycan kinematoqrafiyasının ulduzlarıdır. Mən sizinlə fəxr edirəm və bilə-bilə sizi bura dəvət etmişəm ki, bu günü mənimlə olasınız. Belə filmlərin ərsəyə gəlməsi çox olmalıdır ki, biz tariximizi unutmayaq. Bizim tariximiz gələcəyimizin tikinti materiallarıdır. Arzu edirəm ki, yaddaşımızı unutmayaq. Burda iştirak edən hər kəsə dərin təşəkkürümü bildirirəm".

Azərbaycanın xalq artisti, rejissor Oqtay Mirqasımov da filmdən sonra ürək sözlərini tamaşaçılarla bölüşənlər sırasında idi. O, "Yaddaş" filmi ilə qürur duyduğunu bildirdi:

"Vahid Naxış adında yaddaşı poladdan olan publisist, sənətkar, televiziya xadimi və ziyalıdır. Allah qardaşınıza rəhmət eləsin. Gördüyünüz işlərdə onun xatirəsi hər zaman var. O, bizim də qardaşımızdır. Bu cür filmlərə ərsəyə gətirmək xüsusi cəsarət, mərdlik, yaddaş və nəbz tələb edir. Mən də bu filmə baxanda həm kövrəldim, həm qürur duydum, həm ağrı keçirdim, nəfəsim də tutuldu... Bu Azərbaycan poeziyası üçün çox əsaslı göstəricidir. Təəssüf ki, bu cür filmlər bazarlanmır. Bu gün “İntiqamlar”, “Bozbaş pictureslər” bazarlanır. Ucuz qiymətə ərsəyə gəlir, çox gəlir gətirir. Bu filmdə gic-gic zarafatlar, atlanıb-düşmək yoxdur.  Təəssüf ki, tamaşaçını bu cür tərbiyə edirlər. “Yaddaş” isə təsirli əsərdir. “Yaddaş” filmi hər yerdə nümayiş olunacaq ekran işidir. Vahid Naxış ürək sözünü bütün filmlərində millətinə açıq şəkildə deyən rejissordur”.

Qeyd edək ki, "Bizim kino günləri" çərçivəsində Nizami Kino Mərkəzi və Flame Towers-də yerləşən '"Park Cinema"da rejissor Vahid Mustafayevin “Yaddaş” (23-29 mart)  bədii filmi nümayiş olunacaq. Film Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının  dəstəyi ilə nümayiş olunur.