5 "Qremmi"li müğənni Bakıya gəlir

23 Yanvar, 2020 13:38 | Mədəniyyət | Baxış sayı: 34
Dayan Rivs
Dayan Rivs

Dayan Rivsin konserti martda olacaq

Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş "Qremmi" mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək.Virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə "Qremmi" mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə "Qremmi" mükafatı alan ilk müğənnidir.

Dayan Rivs, həmçinin Corc Kluninin altı "Oskar" qazanmış "Gecəniz xeyrə və uğurlar" (Good Night, And Good Luck) filmindəki saundtrekinə görə "Qremmi"yə layiq görülüb.

Onun sonuncu «Gözəl həyat» («Beautiful Life») albomu da 2015-ci ildə "Qremmi" alıb.

Dayan Rivs karyerası ərzində ən yaxşı simfonik orkestrlər və caz qrupları ilə əməkdaşlıq edib.

O, Berkli Musiqi Kolleci və Culyard Musiqi Məktəbinin fəxri doktoru dərəcəsini alıb. 2018-ci ildə ABŞ-ın Milli İncəsənət Fondu Dayan Rivsi ABŞ-da caz ifaçıları üçün ən yüksək təltifə – «Caz ustası» («Jazz Master») adına layiq görüb.

Heydər Əliyev Mərkəzindəki konsertin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.