Arzu Əliyeva "Miras"a baxdı FOTOLAR

22 Dekabr, 2018 13:20 | Mədəniyyət | Baxış sayı: 104
Təqdimat
Təqdimat

İki minə yaxın adamın üzərində əziyyət çəkdiyi film bir ilə çəkilib

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsal etdiyi “Miras” bədii-sənədli filminin təqdimat mərasimi olub. Bakı Media Mərkəzindən verilən məlumata görə, mərasimdə Mərkəzin prezidenti Arzu Əliyeva, dövlət rəsmiləri, mədəniyyət xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Nobel-oil” şirkətinin sponsorluğu ilə hazırlanmış film Nobel qardaşlarının Azərbaycanın neft sənayesindəki fəaliyyətinə həsr olunub.

Filmin məqsədi Nobel qardaşlarının Azərbaycanda gördüyü işlərin həm regionda, həm də dünya miqyasında əhəmiyyətini və tarixi rolunu vurğulamaq, eləcə də Bakıda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bir sıra digər yeniliklərdən bəhs olunur.

Film üzərində bir ilə yaxın iş aparılıb. Çəkilişlər Bakı və onun ətraf kəndləri, Şəki, İsmayıllı şəhərləri və Belarus Respublikası da daxil olmaqla 30 məkanda həyata keçirilib. Filmdə 100-dən artıq pəşəkar aktyor çəkilib. Kütləvi səhnələrin çəkilişlərində isə 1500-ə yaxın insan iştirak edib. Ümumilikdə film üzərində iki minə yaxın adamın zəhməti var.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Bir günəş altında”, “Son iclas” və digər sənədli filmlər yer alır.