“Balans”dan məşhur rejissorun 100 illiyinə misilsiz hədiyyə

22 May, 2019 19:52 | Mədəniyyət | Baxış sayı: 267
“Mateo Falkone” bədii filminin rəqəmsal bərpası
“Mateo Falkone” bədii filminin rəqəmsal bərpası

Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmi bərpa edilib

Bu gün Bakının kino camiyəsinin öndə gedən simaları - rejissorlar, aktyorlar, operatorlar, ssenaristlər və incəsənət adamları Nizami Kino Mərkəzində çox önəmli bir təqdimat mərasiminə  yığışıblar. Səbəb çox gözəldir - ANS Şirkətlər Qrupuna daxil olan Balans Milli Rəqəmsal Studiyası rejissor Tofiq Tağızadənin “Mateo Falkone” bədii filminin rəqəmsal bərpasının təqdim edib.

Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, fransız yazıçısı Prosper Merimenin əsəri əsasında çəkilmiş film Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb.

"Film keçmiş sovet dövrünün ən kəskin vaxtlarında ekranlaşdırılıb. 19 dəqiqəlik "Mateo Falkone" qısametrajlı filmi ölkəmizdə BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir. 
Filmin yeni versiyasının bərpasına  üç aydan çox vaxt  sərf edilib və bunu məşhur rejissor Tofiq Tağızadənin anadan olmasının 100 illiyinə həsr etmişik.

Biz bu işi davam edəсəyik. Düzdür, indi Moskva bizim film fondumuzun neqativlərini vermir. Amma biz elə edəcəyik ki, bütün filmlərimiz əlimizdə olsun”.  

Təqdimatda Oqtay Mirqasımov, Fəxrəddin Manafov, Sabir Rüstəmxanlı, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Eldar Quliyev, Ayaz Salayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxışında Azərbaycan kinosuna yeni nəfəs verdiyinə görə Vahid Mustafayevə təşəkkür edərək bildirib: "Sevinirəm ki, Vahid kimi mədəniyyətin qayğısına qalan bir insan var. Minnətdaram. Bu film dövlət tərəfindən sifariş verilməyib. Bu filmi Balans Studiyası özü bərpa edib” .

"Mateo Falkone" bərpa edilmiş filmin nümayişindən əvvəl, tamaşaçılara bərpa prosesinin incəliklərini əks etdirən Film haqqında Film nümayiş etdirildi. Tamaşaçılar Balans Studiyasının  filmin səs, rəng, musiqi, dialoqlarının xüsusi avadanlıqlar vasitəsi ilə necə bərpa edildiyini lentin mövcud və bərpadan sonrakı vəziyyətini əyani olaraq görüblər. 

Tofiq Tağızadənin ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev filmin yeni versiyada bərpasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Xatırladaq ki, film BALANS Milli Rəqəmsal Bərpa Studiyası,
Milli Qəhrəman Çingiz Mustafayev adına fond,  ANS Şirkətlər Qrupu, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, AMKAD və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olunub.

Prosper Merimenin novellası əsasında çəkilmiş film milli kinomuzun qızıl fonduna daxildir. Bu filmin yaranmasında Tofiq Tağızadə,  Rasim Ocaqov, Kamil Nəcəfzadə, Qara Qarayev, Rüfət Şabanov, Niyazi, Nodar Şaşıqoğlu, Tamilla Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yegizarov kimi Azərbaycan mədəniyyəti və kinosunun dahi simaları bu filmin yaranmasına öz töhvələrini veriblər. 

ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor Vahid Mustafayev
ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor Vahid Mustafayev
Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov
Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov
dsc-3738
dsc-3738