Kameralar önündə xəstə Xalq artistinin ovcuna dollar basanlar VİDEO

21 Fevral, 2019 14:05 | Mədəniyyət | Baxış sayı: 438
Könül Kərimova
Könül Kərimova

Müğənnilərin davranışları kəskin tənqidə səbəb olub

Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyevanın sosial şəbəkələrdə yayılan videosu kəskin müakirələrə səbəb olub. Onun ifası zamanı yaşanan "şabaş cənfəşanlığı" birmənalı qarşılanmayıb. Əsas hədəf isə Xalq artisti ifa edərkən nümayişkarənə şəkildə onun əlinə pul tutduran ifaçılar olublar.

Etiraza səbəb olan görüntülər müğənni Mətanət Əsədovanın ad günündə lentə alınıb. K.Xasıyeva səbəbkarı təbrik etmək üçün məclisdə iştirak edib və ifa etməyə başlayıb. Bu zaman müğənnilərdən bəziləri (manaf Ağayev, Vasif Məhərrəmli) ona yaxınlaşaraq əsa tutan əlinə pul verməyə başlayıblar. Şou-biznes nümayəndələri bu addımı kameralar önündə ediblər. M.Əsədova özü də əlində tutduğu 200 manatlıq əskinazı kameralara nümayiş etdirdikdən sonra təqdim edib.

Bu isə xəstəlikdən əziyyət çəkən çətin vəziyyətdə olan sənətçiyə dəstəyə yox, özünü reklama bənzəyib. Sosial şəbəkə istifadəçilərinin də əsas tənqid etdikləri məqam məhz bu olub. Onlar yardımın gizlin formada, kameraların iştirakı olmadan da edilə biləcəyini deyiblər.