ATV-yə Mustafa Çelikin gətirilməsi təsdiqləndi - RƏSMİ

19 Aprel, 2017 11:09 | Mədəniyyət | Baxış sayı: 2446
ATV
ATV

Kanaldan yayılan məlumatlara münasibət bildirilib

 "Azad Azərbaycan" telekanalında kütləvi ixtisarların başlanması və telekanal prezidenti Vüqar Qaradağlının Türkiyədən cəlb olunmuş Mustafa adlı şəxslə əvəzlənməsi  haqda xəbər yayılıb.

İstiPress xəbər verir ki, bu haqda geniş məqaləni "BizimXeber" saytı dərc edib. Xəbərdə deyilir ki, rəhbərliyin dəyişilməsinə hazırlıq getməsi ilə yanaşı, işçilər də əmək haqqlarını ala bilmir. Eyni zamanda vergilərlə kanalın başının dərddə olması bildirilir.

Məsələ ilə əlaqədar İstiPress ATV-nin İctimai-siyasi məsələlər və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Turan İbrahimov ilə əlaqə saxlayıb. O, Mustafa Çelik adlı şəxsin ATV-də işə başlamasını təsdiq etdi:

"Mustafa Çelik adlı şəxs ATV-də texniki məsələlər üzrə məsləhətçi qismində əməkdaşlığa cəlb olunub. ATV-nin bir neçə beynəlxalq layihəsi var idi. O da həmin layihələr çərçivəsində Türkiyədən gələn peşəkarlardan biri idi. Bilirsiniz ki, Azərbaycanda televiziya sahəsində ciddi kadr çatışmazlığı var. Şöhbət müasir kadrlardan gedir. Bu səbəbdən Mustafa Çelik Türkiyədən dəvət olunmuş bir mütəxəssisdir. Onun kanalın idarəçiliyinə aiddiyyatı yoxdur. Kanalın rəhbəri Vüqar Qaradağlı ATV-nin prezidentidir. Mustafa Çelik də birbaşa Vüqar Qaradağlının iradəsi və razılığı ilə telekanalda texniki məsələlərə uyğunlaşma və nəzarət işlərinə baxır". 

Departament rəhbəri eyni zamanda kanalda heç bir kütləvi ixtisarların olmadığını da əlavə etdi:

"ATV yeganə kanaldır ki, maliyyə baxımından vəziyyəti çox yaxşıdır. Bu da heç kəsə sirr deyil. Əmək haqqları da ödənilir. Heç vergilərlə də problemimiz yoxdur. İxtisarlara gəlincə isə iqtisadi məsələlər gündəmə gəlir. ATV-də isə heç vaxt kütləvi ixtisarlar olmayıb.

Eyni zamanda ATV HD yayımın həyata keçməsi ilə də məşğuldur. Bunun üçün xaricdən çoxsaylı avadanlıqlar gətirilib. Bu avadanlıqların işlədilməsi üçün peşəkarlar cəlb edilir. Onlara nəzarət də birbaşa Vüqar Qaradağlı həyata keçirir. Cəlb olunmuş işçinin hər hansı işçini işdən çıxartması isə absurd bir fikirdir. ATV-dən yalnız işinin öhdəsindən gəlməyənlər gedir. Bu da normaldır". 

Turan İbrahimov
Turan İbrahimov