Bu saytlara girənləri "güllələyəcəklər"

18 İyul, 2018 17:55 | Mədəniyyət | Baxış sayı: 1040
Pirat saytlar
Pirat saytlar

Azərbaycanda qadağan olunmuş “Stalin”in xiffətini edənlər

Azərbaycanda fəaliyyət göstərən 7-8 kinoteatr yetərincə inkişalı və yeniliklərə açıq gəncliyin çağdaş intellektual qidaya tələbatını ödəyə bilmir və bu tələb məhz ən çağdaş filmləri təqdim edən kinosaytlar tərəfindən verilir.

İstiPress-ə yönəlmiş onlarla oxucu məktublarında yer almış bu fikirlər bu günlərdə Azərbaycanın bəzi informasiya portallarında kinosaytların bağlanmasını təklif edən məqalələrə cavab olaraq göndərilib. İnformasiya portalları dərc etdikləri məqalələrdə məhz bu saytların bağlanmasını tələb edirlər, onların ən yeni filmləri pulsuz göstərməsi üzündən Bakıda kionteatrlara gedənlərin azalmasından bəhs edirlər. Yəni gəliri azalan kinoteatrlar binanı restoranlara və s.-ə icarəyə verməyə məcbur olur və s.

Oxucu məktublarında isə bu iddiaların yanlış olduğunu göstərən arqumentlər yer alıb. Diqqətinizə müxtəlif məktublardan parçalar çatdırırıq:

…Mən bir istehlakçı olaraq çox gözəl başa düşürəm ki, bu məqalələri kinoteatrlar sifariş edib. Çünki son zamanlar kinoteatrlara gedənlər demək olar ki, kəskin azalıb. Onların filmlər və xərclədiyi pulları geri qazanmaq üçün imkanları tükənir. İnsanlar kinoteatrlara gəlmirlər. Bəs nə üçün? İlk səbəb odur ki, bu kinoteatrlarda filmlər Azərbaycan dilində nümayiş edilmir. Onlar rus dilində göstərirlər. Sanki biz hələ də SSRİ tərkibində yaşayırıq. Azərbaycanın müstəqilliyi, dili uğrunda minlərlə insan şəhid olub. Onlar canlarından keçiblər ki, öz mədəniyyətimiz, dilimiz inkişaf etsin. Amma kinoteatrlar şəhidləimizin ruhuna hörmət etmir və filmləri rus dilində, ən yaxşı halda subtitrlər vasitəsilə nümayiş etdirirlər. Bu da Azərbaycanın ölkə olaraq film seyr etmək mədəniyyətinə uyğun deyil. Biz belə yox, dublyajla kino izləməyə öyrəşmişik.

Kino bir növ ədəbiyyatın vizuallaşdırılması, insanların müasir ədəbiyyata yaxınlaşması, ondan agah olması deməkdir. İş ondadır ki, son zamanlar da Azərbaycan ədəbiyyatı çox geridə qalıb. Müasir texnoloji və industrial həyatın tələblərinə cavab vermir. Ancaq dünya ədəbiyyatı, başda Stiven Kinqin əsərləri olmaqla, çox inkişaf edib. Bu inkişaf da sözsüz ki, sabah ədəbiyyat, mədəniyyət nöqteyi-nəzərindən, Azərbaycan gəncləri, oxucularının da dünyaya inteqrasiya etmək üçün müasir biliklər, bacarıqlar, məlumatlar əldə etməsi üçün çox vacibdir.

Məsələ ondan ibarətdir ki, bəzən kinoteatrların özlərində də günah olmur. Çünki major şirkətlər - “20th Century Fox”, “Paramount Pictures” və s. ümumiyyətlə, Azərbaycana filmləri öz dilinə tərcümə etməyə icazə vermir. Niyə? Çünki bazar çox məhduddur. Onların belə bazarda tərcüməyə marağı yoxdur. İş ondadır ki, onlar yerli şirkətlərə bu işlə məşğul olmağa da icazə vermirlər və ehtiyac olarsa, özləri filmləri tərcümə edirlər. Bunun üçün də, ən azı, 100 kinoteatr olmalıdır. Bizdə isə 8-9-u var. Onlar da bir-biri arasında çox kobud şəkildə rəqabət aparır, bir-birini "qırırlar".

Amma kinoteatrların öz fəaliyyətlərini inkişaf etdirə bilməməsi xalqın geridə qalmasına səbəb olmamalıdır. Ölkənin 90 faizi öz ana dilində danışır. Rus dilində danışıb, bu dili anlayanların sayı azalır. Ümumiyyətlə, rus dilində bilənlərin də bu gün kinoteatra getməyinə ehtiyac yoxdur. Onlar internet vasitəsilə öz evlərində, ailələrinin əhatəsində rahat şəraitdə də yüksək keyfiyyətli filmlərə baxa bilərlər. Bunun üçün kinoteatra əlavə xərc çəkmək lazım deyil…

***

…Bu gün kinoteatra getmək az xərc tələb etmir. Bir cavan oğlan xanımı kinoya dəvət edəndə, iş ancaq bilet almaqla yekunlaşmır. Bura bilet (qiyməti 6-15 manat),  popkorn (iki nəfər üçün təqribən 8 manat), içki (təqribən 2-3 manat) lazımdır ki, sonra bu məbləğ 20-25 manata gəlib çıxır. Bu isə gənclərin təqaüdlərini, qazanclarını nəzərə alsaq, çox böyük məbləğdir.

Onların arasında hələ müxtəlif bölgələrdən gələnlər də var. Çoxu isə kirayədə yaşayır. Nəticədə, gənclər bu qədər pul xərcləyir və rus dilində filmə baxırlar. Bunun üçün də onlar internetə müraciət edir, müxtəlif saytlardan Azərbaycan dilində filmlərə baxırlar….

….Bu sahədə yerli televiziyalara təşəkkür düşür. Onlar filmləri pirat formada nümayiş etdirsələr də, bununla Azərbayacan xalqına kömək etmiş olur, yeni filmlərlə tanış edirlər.  Xəbərlərin, başqa informasiyaların çatdırılması sahəsində fəaliyyətləri o qədər ürəkaçan olmasa da, film sahəsində onlar yenilikləri çatdırmağa çalışırlar. Ona görə internetə o qədər də ehtiyac da qalmır. ATV, Space, Xəzər, Dalğa və s. kanallar müəllif hüquqularına görə ödənişlər etmədən filmləri yayırlar. Əcəb də edirlər.

Bu gün televiziyaların filmlərin hüququnu almaq üçün imkanları da yoxdur. Reklam bazarı ANS-in fəaliyyəti dayandırıldıqdan sonra, demək olar ki, tükənib. Bazar olmadığı üçün reklam qiymətləri də aşağı düşüb. Televiziyalar qazandıqları pullarla öz əməkdaşlarının maaşlarını 3-5 aylarla verə bilmirlər. Bununla da filmləri, onların hüquqularını almaq üçün maliyyə vəsaitləri də çatmır…. 

***

…Böyük şirkətlər Azərbaycana filmləri tərcümə etməyə imkan vermədiyi bir şəraitdə nə etməlidirlər? Azərbaycan xalqı orta əsrdə qalmalıdır? Bütün dünya inkişaf edəcək, xalqımız yox?  Bir misal çəkək. Jül Vern “20 000 lye su altında” (1870-ci il) adlı əsər yazıb. Bu əsəri yazanda hələ sualtı gəmilər yox idi. Bir neçə il sonra əsəri oxuyan gənclər kitabdan faydalanaraq ordan əldə etdiyi biliklərlə fantastik bir iş gördülər - sualtı gəmilər yaratdılar. Bu kəşf insanlara nə qədər kömək edib... Bu gün belə  bu gəmilərdən  müxtəlif araşdırmalarda, dənizlərin, okeanların dərinliklərini tədqiq etməkdə istifadə edilir. Amma vaxtıykən Jül Vernin  əsərlərini başqa dillərdə tərcümə edərək oxumağa icazə verilməsəydi, insanların da bundan xəbəri olmazdı. Belə nümunələr çoxdur.

Məsələn daha bir misal - ultra müasir rejissor Əlisəttar Atakişiyevin 1964-cü ildə çəkdiyi "Sehrli xalat" filmini göstərmək olar. Filmdəki bir səhnədə gələcəyə səyahət edən pionerlərin bir toxunuşla kitabı oxumaq səhnəsi yer alıb. Onlar səhifələri bir-bir çevirmir, barmaqları ilə hərəkət edərək orada yazılanları görə bilirlər.

Çində kino sənəti fakültəsiində rejissor fantaziyalarının sonradan həyatda öz təsdiqini tapmasına dair dərslikdə Ə.Atakişiyevin "Sehrli xalat" filmində göstərdiyi planşetin yarım əsr sonra yaradıldığını nümunə kimi göstərilir….

"Sehirli xalat" filmindən səhnə
"Sehirli xalat" filmindən səhnə

***

…Azərbaycan heç vaxt dünyadakı inkişafdan geri qala bilməz. İqtisadi sahədə olan inkişaf kimi mədəni sahədə də inkişaf getməlidir.

Bunun üçün də mən Azərbaycan televiziyaları, saytlarına piratlıq etdikləri, çətin bir zamanda xalqın savadsız, mədəniyyətsiz qalmasına imkan vermədikləri üçün təşəkkür edirəm.

Kinoteatrlara gəldikdə isə onlara belə təxribatçı məqalələr sifariş verməkdənsə, majorlarla danışıqlar apararaq filmlərin tərcüməsinə çalışmağı tövsiyə edirəm. 

Burada digər bir məsələ də var - dublyaj səviyyəsinin aşağı olması. Mən bir neçə filmi belə dublyajda izləmək imkanı qazanmışam. Çox eybəcər, iyrənc, keyfiyyət olduqca aşağı səviyyədə... Bu, ancaq aktyorların qəbahəti deyil, həm də tərcümə, redaktə edənlərin, redaktə olunmuş mətnləri işləyənlərin günahıdır.

Məsələn, görürük ki, adamın ağzı bağlıdır, ancaq o danışır, yaxud da o danışır, ancaq səs yoxdur. İşin digər tərəfi aktyor sənətidir. Kadrda emosiyalar aşıb-daşır, ancaq aktyorun səsləndirməsi çox bəsit, monotondur. Ona görə insanlar izləmək istəmirlər…

***

…Bəsdirin bu qadağalarla, bağlamaq hədələri ilə hərəkət etməyə. Mədəni insanlar, incəsənət xadimləri bu işi çox gözəl şəkildə görməlidirlər ki, insanlar onları seçsinlər.

İki-üç kinoteatr pul qazanacaq deyə, insanları hansısa sayta girdikləri üçün “güllələmək” olmaz. Belə müəssisələr yeni və daha yaxşı filmlər gətirmək əvəzində, popkorn, içki satıb pul qazanmaq barədə düşünür. Qoy onlar keyfiyyətli, gözəl dublyaj barədə düşünsünlər, sonra isə rəqabət barədə danışsınlar.

Məgər Rusiyada pirat saytlar yoxdur?Minlərlədir. Amerikanın özündə də belə saytlar var. Ancaq insanlar yenə də kinoteatrları seçirlər. Çünki orada gözəl şərait var, görüntü, səs keyfiyyətlidir. Bu gün ABŞ-da kinoteatrlar o qədər yüksək səviyyədədir ki, heç bir televiziya onlarla rəqabət apara bilmir. Çünki orada bu sahəyə milyonlarla dollar vəsait yatırılır, biz də isə qəpik-quruş xərcləyərək milyon qazanmağa, onlara tabe olmayanları "güllələməyə" çalışırlar.

Biz artıq sovet rejimində yox, azad, demokratik ölkədə yaşayırıq. Məqsəd hansısa kinoteatrın pul qazanması yox, insanların rahatlığıdır.

Dünyada bir gündə 70 film, 10 gün ərzində 700 film çəkilir. Bizin kinoteatrlar onlardan cəmi 2-3-nü göstərir. Niyə Azərbaycan izləyicisi geridə qalmalıdır? 

Azərbaycanda beynəlxalq konfranslar keçirilir, nümayəndələrimiz tədbirlərə qatılırlar. Nə üçün biz dünyanın yeniliklərindən geri qalmalıyıq? Dünya paylaşım dünyasıdır. İndiki dünya bir-birinə sürətli məlumat ötürmək dünyasıdır…