Prezidentin qızı AXC-dən kino çəkir FOTO

16 Mart, 2018 10:50 | Mədəniyyət | Baxış sayı: 573
AXC haqqında film
AXC haqqında film

Film Cümhuriyyətin 100 illiyinə həsr edilib

Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bədii-sənədli filmin çəkilişlərinə başlayıb. İstiPress-in məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır.

Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qəti mübarizə əks olunur. Bu mübarizənin sonu faciəli olsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Filmin 28 May-Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” və digər filmlər yer alır.