Prezident Xalq artisti barədə sərəncam verdi

14 Sentyabr, 2018 08:43 | Mədəniyyət | Baxış sayı: 77
Arif Məlikov
Arif Məlikov

Yubileyini qeyd edən bəstəkar mükafatlandırılıb

Xalq artisti Arif Cahangir oğlu Məlikov “Şöhrət” ordeni ilə təltif edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 

O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. 

Prezident A.Məlikovu 85 illik yubileyi münasibəti ilə də təbrik edib. 

"Sizin geniş diapazonlu rəngarəng yaradıcılığınız müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindəndir. Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir.

Yaradıcılığınız dövlət tərəfindən daim lazımınca qiymətləndirilib. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə layiq görülmüsünüz.

Əminəm ki, Siz bundan sonra da bütün qüvvə və bacarığınızı Azərbaycan mədəniyyətinin inkişafı naminə sərf edəcəksiniz".