Cəfər Cabbarlı belə xatırlanacaq

14 Mart, 2019 11:41 | Mədəniyyət | Baxış sayı: 32
Cəfər Cabbarlı Azərbaycan Gəncləri ilə
Cəfər Cabbarlı Azərbaycan Gəncləri ilə

Bu il dramaturqun 120 illiyi qeyd ediləcək

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 120 illiyi tamam olur. Prezident İlham Əliyev ötən il “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub.

Yubiley ili çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. 

Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələri keçiriləcək.

Akademik Milli Dram Teatrında dramaturqun “Od gəlini” pyesinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun C.Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operasının nümayişi nəzərdə tutulur.

Azərbaycanın Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə C.Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planlaşdırılır.

Mədəniyyət Nazirliyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətində Cəfər Cabbarlı fenomeni” adlı elmi-praktik konfrans keçiriləcək.

Azərbaycan Dövlət Teatr Muzeyində C.Cabbarlının əsərlərinin teatr quruluşlarına çəkilmiş dekorasiya və geyim eskizlərindən ibarət sərgi, Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ədibin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olunacaq. Eyni zamanda, BXA-nın tələbə və şagirdləri tərəfindən Opera və Balet Teatrında C.Cabbarlının librettosu əsasında Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti səhnələşdiriləcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının İctimai Televiziya ilə birgə dramaturqun “Solğun çiçəklər” pyesinin motivləri əsasında səkkiz seriyalı bədii filmin çəkilməsi və yayımı da tədbirlər planında yer alıb.

Rayon (şəhər) təhsil şöbələri (idarələri), uşaq-gənclər inkişaf mərkəzlərində C.Cabbarlının yaradıcılığına həsr olunmuş rəsm sərgiləri, ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Cəfər Cabbarlı Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi kimi” mövzusunda inşa müsabiqəsi, həmçinin ədibin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, müzakirələr, seminar və dəyirmi masalar təşkil olunacaq. Təhsil Nazirliyinin ali təhsil ocaqlarında müxtəlif mövzularda elmi konfransların keçirilməsi, yazarın həyat və yaradıcılığını əks etdirən fotosərgilər açılması nəzərdə tutulur.

Bununla əlaqədar bəzi başqa tədbirlərin də keçirilməsi nəzərdə tutulub.