Bu gün Yel çərşənbəsidir VİDEO

13 Mart, 2018 08:28 | Mədəniyyət | Baxış sayı: 81
Novruz xonçası
Novruz xonçası

Azərbaycanda Novruzun üçüncü çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda üçüncü - Yel çərşənbəsi qeyd olunur. Xalq arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi də tanınır.

Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır. Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. 

A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Mənim canım sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.

Çərşənbə inancları:

- Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər.
- Yeli əsdirəni söyməzlər.
- Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər.

Azərbaycanda axır çərşənbə martın 20-nə təsadüf edir. Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq