Azərbaycanda “Qızıl çinar”ın yeni sahibləri FOTOLAR

11 May, 2018 09:25 | Mədəniyyət | Baxış sayı: 55
“Qızıl çinar” beynəlxalq mükafatı
“Qızıl çinar” beynəlxalq mükafatı

Mükafatları Mehriban Əliyeva təqdim edib

Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə  tanınmışları təltif edib.

Mükafatlar Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı Rauf Abdullayevə, Azərbaycan ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif olunmuş Mixail Qusmana və Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli Eldar Quliyevə təqdim edilib. 

Qusman mərasimdə unudulmaz Səməd Vurğun özünün ölməz “Azərbaycan” şeiri də səsləndirib. "Biz bu şeiri uşaqlıqdan əzbər bilirik. Lakin abidənin pyedestalında həkk olunmuş dörd sətri bizim hər birimiz dua kimi heç olmasa gündə bir dəfə təkrarlamalıyıq":

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!