Azərbaycanda ən çox sevilən xalq artisti

11 Yanvar, 2018 17:55 | Mədəniyyət | Baxış sayı: 619
Elza İbrahimova
Elza İbrahimova

Həyatda olduqca ciddi, az danışan adam olsa da, musiqilərilə qəlbləri oynadan bəstəkar Elza İbrahimovanı anacağıq bu gün. Anadan olmasının 80 illiyi tamam olan ölməz bəstəkar Elza İbrahimova onsuz da hər gün anılır. Qoyub getdiyi "Qurban verərdim", "Gəl barışaq", "Mehribanım", "Mən sənin yanına qışda gəlirdim", "Sən yadıma düşəndə, "Ey Vətən" kimi qəlbləri sızladan mahnıları hər dəfə səslənəndə Elza xanım anılır, ruhu şadlanır. Etiraf edək ki, onun mahnılarını sevməyən çətin tapılar. Çətin.

Götürək onun şair Dəmir Gədəbəylinin sözlərinə bəstələdiyi "Sən yadıma düşəndə" mahnısını. Sevimli xalq artistimiz Elmira Rəhimovanın ifasında səslənən bu mahnı hər birimizi öz sənli, sirli dünyasına aparmırmı?..

"Gül açar, dünya gülər,

 Aləmə nur səpilər,

 Sən yadıma düşəndə".

Elza İbrahimovanın daha bir sevilən mahnısından da danışsaq, yerinə düşər - "Gecələr bulaq başı"ndan. Bəstəkarın qardaşı Çingiz İbrahimov deyir ki, "biz ailəlikcə rusdilli olmuşuq, amma Azərbaycan dilini az da olsa bilmişik.Təxminən 25-30 il bundan əvvəl Elza ilə mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin evinə getmişdik. Adətən, Azərbaycan dilini zəif  bilənlərə Bəxtiyar müəllimin həmişə acığı tuturdu. Həmin vaxt Elza Bəxtiyar Vahabzadənin sözlərinə "Gecələr bulaq başı" mahnısını bəstələmişdi.  "Mahnının sözlərini Qusarda - çaykənarı istirahət guşəsində yazdığını deyən Bəxtiyar Vahabzadə onda bacıma nəinki irad tutdu, hətta təəccübləndi ki,"sən bu şeri nə qədər incəliyinə qədər anlamısan ki, məndən də yaxşı, bu cür həzin mahnı ortaya çıxarmısan...."

Qardaşı Çingiz İbrahimov deyir ki, atamın ulu babası, anam Sonaxanımın özü Dağıstanın Axtı rayonundandır. Onun sözlərinə görə, atası İmaməddin o vaxt Azərbaycanın dəmiryol sistemində ölkə üzrə parovoz stansiyasının rəisi olub, atası 1938 -ci ildə Hacıqabul rayonunda işlədiyindən Elza burada doğulub.

Musiqinin bütün janrlarına müraciət edən, Azərbaycanın, eləcə də Dağıstanın xalq artisti Elza İbrahimova Azərbaycan şairlərilə yanaşı, ləzgi müəlliflərin şerlərinə də musiqi bəstələyib. Bunları sadalasaq, böyük bir siyahı alınar.

Həzin bəstələr müəllifi Elza İbrahimovanın Qusarla bağlılığı bacısı, rayonda uzun illər baş ginekoloq işləmiş, mərhum Leyla İbrahimova ilə əlaqəli olub. 2012-ci il fevral ayının 11-də dünyasını dəyişən Elza İbrahimovanın adı Qusar icra başçısı Şair Alxasovun sərəncamı ilə şəhərdəki küçələrdən birinə verilib.

Prezident İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli sərəncamına əsasən ölməz bəstəkarın 80 illik yubileyi dövlət səviyyəsində keçiriləcək.Tədbirin bu il fevral ayının 11-də Heydər Əliyev sarayında keçirilməsi planlaşdırılır.

Elza İbrahimovanın bundan belə yubileyləri çox olacaq. 90, 100, 110 və s. Amma onun həzin bəstələrindən bir də olmayacaq:

"Sakit axan gecələr,

Bulaq nədən danışır?

Elə bil ki, nağıllar,

əfsanələr danışır.

Sirlərlə doludur,

gecələr bulaq başı"

 

Aytəkin Alxaslı

Elza Ibrahimova "Sevgilim tut əlimdən" Söz: Əliağa Kürçaylı ifa:Çinarə Məlikzadə