Lənkəran teatrı İrandan qastrol səfərindən qayıdıb

09 Dekabr, 2016 00:42 | Mədəniyyət | Baxış sayı: 155
Lənkəran teatrı İrandan qastrol səfərindən qayıdıb
Lənkəran teatrı İrandan qastrol səfərindən qayıdıb

Teatr İranın bir neçə şəhərlərindən qastrol dəvətləri alıb

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qastrol səfərindən qayıdıb. Teatrın direktoru Tofiq Heydərovun İstiPress-in cənub bürosuna verdiyi məlumata görə, yaradıcı kollektiv qonşu ölkənin Rəşt şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə şıxış edib.

Qastrol səfərinin açılış mərasimi dekabrın 1-də baş tutub. Tədbirdə İranın Gilan vilayətinin Mədəniyyət İdarəsinin rəisi Firuz Fazili və Rəşt şəhərinin meri Məhəmmədəli Sabitqədəm çıxış edərək  iki ölkə arasında mədəni əlaqələri genişləndirməyin vacibliyindən danışıblar. İranın bir sira rəsmi dövlət xadimlərinin də qatıldığı mərasimdə Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi, bu cür mədəni görüşlərin iki dost xalq arasında müstəsna əhəmiyyət daşıdığı qeyd olunub.

Dekabrın 7-ə kimi davam edən səfər müddətində teatrın truppası həmçinin Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşası ilə Rəşt şəhərində keçirilən “Meydan tamaşaları” festivalına da qatılıb.

Qastrol səfərinin bağlanış mərasimi də böyük coşqu ilə keçib. Səhnədə Azərbaycan və İranın dövlət bayraqları dalğalandırılıb. Teatr Rəşt şəhərində olduğu müddətdə İranın Tehran və Ərdəbil şəhərlərindən də qastrol dəvətləri alıb.