Xan Sarayına giriş açıldı

09 Avqust, 2019 10:15 | Mədəniyyət | Baxış sayı: 40
Xan Sarayı
Xan Sarayı

Bu gündən turistlər və yerli sakinlər abidəni ziyarət edə bilərlər

Avqustun 9-da Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib.

"Agentılik yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirir və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir".

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən, 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.

Hadisədən sonra Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bağlanmışdı.