Pamela Anderson azərbaycanalı rekordmenə baxacaq VİDEO

09 İyun, 2018 14:06 | Mədəniyyət | Baxış sayı: 132
Üzeyir Novruzov
Üzeyir Novruzov

"Çarli Çaplin" möhtəşəm insanların liqasında

Amerikada yaşayan məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov "Rossiya-1" telekanalında yayımlanan yeni "Liqa udivitelnıx lyudey" (Möhtəşəm insanların liqası) şousunda iştirak edib. Sözügedən şounun münsiflər heyətinə amerikalı aktrisa Pamela Anderson da daxildir. Bu barədə Novruzov özünün "Instagram" səhifəsində verilişdən fotosunu paylaşıb.

Beynəlxalq layihədə dünyanın ən yaxşı artistləri, idmançıları və qeyri-adi qabiliyyətləri olan insanları iştirak edir. Layihəyə dünyanın 20-dək ölkəsindən, eləcə də Rusiya, ABŞ, Kanada, Yaponiya, Azərbaycan və digərlərindən iştirakçılar qatılır. İştirakçıları ictimai xadim, peşəkar boksçu Nikolay Valuyev, müğənni Nikolay Baskov, amerikalı aktrisa Pamela Anderson, alman müğənni Tomas Anders və başqaları qiymətləndirir.

Üzeyir Novruzov Gəncədə doğulub, lakin Rusiyada böyüyüb. Sonra yaşamaq üçün ABŞ-a gedib. O, sirkdə əfsanəvi Çarli Çaplinin obrazında çıxış edir və bu səbəbdən də onu tez-tez Çaplinlə müqayisə edirlər. Novruzov Çində 6 metrlik dayaqsız nərdivana dırmaşaraq onun üzərində 8 dəqiqə dayanması ilə dünya rekordu vurub. Bu nömrəyə görə, onun adı "Ginnesin Rekordlar Kitabı"na düşüb. Hazırda sirk ustası ailəsi ilə birlikdə Amerikada yaşayır və müxtəlif sirk şoularında çıxış edir.