Çingiz Mustafayev "Eurovision"a gedir VİDEO

09 Mart, 2019 08:55 | Mədəniyyət | Baxış sayı: 261
Çingiz Mustafayev
Çingiz Mustafayev

Azərbaycanın müsabiqə mahnısı da təqdim edildi

İsrailin Təl-Əviv şəhərində keçiriləcək "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçının adı açıqlanıb. Bu il müsabiqədə gənc müğənni və bəstəkar Çingiz Mustafayev ölkəmizi təmsil edəcək.

İstiPress-in İctimai Televiziya və Radio Yayımları Şirkətinə istinadən verdiyi məlumata görə, o bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun "Truth” adlanan ifasını səsləndirəcək. 

"Etiraf edirəm ki, “Truth” mahnısının Çingizə uyğun olacağına əmin deyildim. Çünki o flamenko və gitaranı sevən milli musiqiçidir. Şəxsi tanışlıqdan sonra isə haqqındakı fikirlərim tamamilə dəyişdi. O, inanılmaz dərəcədə ehtiraslı musiqiçi və müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerası və şərq ürəyi qatdıq" -deyə Bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanov bildirib.

Qeyd edək ki, bəstəkarın mahnısı İctimai Televiziyanın bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş 350 namizəd mahnı arasından seçilib. "Truth" zəhərli sevgi münasibətindən bəhs edir. Burada həqiqətə yer yoxdur. Cütlüklərdən biri sevgisinə xəyanət edir və qarşısındakı vəziyyəti qəbul etmək və ya sevgi illuziyasını dağıtmaq seçimi qarşısında qoyub.

"Eurovision 2019" mahnı müsabiqəsi 14-18 may tarixlərində İsrailin Təl-Əviv şəhərində keçiriləcək.

"Eurovision 2019" mahnı müsabiqəsi üçün olduqca ciddi hazırlaşan Çingiz Mustafayev öz tərzinə dəyişiklik edərək əsas ehtirası olan flamenko və gitarasından da uzaqlaşıb.

Çingiz Moskvada dünyaya göz açıb. O, 6 yaşında ailəsi ilə birgə Qazağa köçüb. İfaçı, yeniyetmə yaşlarında gitarada ifa edib, mahnılar bəstələyib. Çingiz Mustafayev 13 yaşında anası və qardaşı ilə Qazaxdan Bakıya köçüb. Burada onu "Pop İdol" verilişinin Azərbaycan versiyasına dəvət olunub. Tamaşaçı və jurinin dəstəyi ilə layihədə qalib gələn ifaçı Azərbaycan musiqisinin doğulan ulduzu olub.

Müğənni 2013-cü ildə Azərbaycanı Yurmalada təşkil olunmuş "Yeni dalğa" müsabiqəsində təmsil edib. 2016-cı ildə isə Ukraynada "Səs" layihəsinə qatılıb. Çingiz itləri, səyahəti və yoqanı sevir. O, açıq havada meditasiya edir, kunq-fu ilə məşğul olur və velosiped sürür.