Xalq artisti dəfn olundu

09 Fevral, 2018 16:59 | Mədəniyyət | Baxış sayı: 417
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni

Xalq artisti Zərnigar Ağakişiyeva dəfn olunub.

İstiPress-in Şimal bürosunun məlumatına görə, xalq artisti Quba məscidində yuyulduqdan sonra şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb. Dəfndə Quba rayon İH-nin, şəhər bələdiyyəsinin nümayəndələri, mərhumun Rustov kəndindən gəlmiş qohumları və tanışları iştirak ediblər.    

Mərhumun Bakıda yaşayan qohumu Qurbanəli Güləliyevin sözlərinə görə, Zərnigar Ağakişiyeva ailə qurmayıb, tək yaşayırdı. Fevralın 8-də onun yanına gedən əmisi qızı Ərkinaz qapını döysə də açan olmayıb. Dərhal təcili yardım və FHN-ə məlumat verilib. Bağlı qapı arxasında qalan meyiti xilasedicilərin köməyi ilə çıxarmaq mümkün olub. Meyit Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil veriblər.

Aktrisanın meyiti tibbi ekspertizadan sonra bu gün səhər saatlarında yaxınlarına təhvil verilib. Ekspertizanın rəyinə görə, Zərnigar Ağakişiyeva üç gün öncə dünyasını dəyişib.

Qurbanəli Güləliyevin sözlərinə görə, Xalq artisti yüksək şəkərdən əziyyət çəkib, üstəlik şəkər ürəyinə də ciddi təsir edib. "O Qubaya çox az gəlirdi. Atası Fəti kişi 5 -6 il öncə dünyasını dəyişib. Dəfndən sonra ancaq məzarını ziyarət etməyə gəlirdi. Rayondakı  qohumları ilə ünsiyyəti son illər demək olar ki, kəsilmişdi. Bakıda da çox az insanla əlaqə saxlayıb, ünsiyyət qururdu".

Tanınmış teatr və kino aktrisası Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.

Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyevanın kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

O, 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin! ​