FHN məşhur Xalq artistinin meyitini tapdı

09 Fevral, 2018 08:25 | Mədəniyyət | Baxış sayı: 1304
Zərnigar Ağakişiyeva
Zərnigar Ağakişiyeva

Aktrisanın evinin qapısını xilasedicilər aça biliblər

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib. İstiPress-in məlumatına görə, aktrisanın meyitini FHN aşkar edib. Qurumdan verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar ediblər. Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Tanınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva 1945-ci ildə  Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.