Azərbaycanlı iş adamı əməkdar artistin anasız qalan qızına ev bağışladı

09 Yanvar, 2018 08:59 | Mədəniyyət | Baxış sayı: 950
Xanım Qafarovanın qızı və anası
Xanım Qafarovanın qızı və anası

Mərhum aktrisanın azyaşlı qızı və yaşlı anası qarajda yaşayıb

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Azərbaycanın mərhum əməkdar artistinin ailəsini sevindirib. İstiPress-in məlumatına görə, "Palmali" Şirkətlər Qrupunun prezidenti bir neçə il öncə xərçəngdən ölən aktrisa Xanım Qafarovanın qızına mənzil hədiyyə edib. Bu barədə deputat Qənirə Paşayevə məlumat verib. 

"Mərhum aktrisamız Xanım Qafarovanın kiçik balası yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi. Hər ay baş çəkirəm bu ailəyə. Əlimizdən gələn dəstəyi göstəririk, amma mənzillə kömək imkanlarımız olmadığından bir çox şirkətlərimizə, iş adamlarına müraciət etdim ki, bu ailəyə kiçik də olsa bir mənzillə dəstək olsunlar. Amma dəstək olmaq istəyən olmurdu. Nəhayət "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz müəllimə xahiş etdim bu ailəyə mənzillə kömək olunsun deyə. Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim. "Qənirə xanım qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik". Açığı bu cavabı eşidəndə çox duyğulandım".

İş adamı bildirib ki, Gövhərə hədiyyə edilən mənzil 20-gün ərzində tam hazır olacaq.