Azərbaycanı “Eurovision-2018”də o təmsil edəcək

08 Noyabr, 2017 18:49 | Mədəniyyət | Baxış sayı: 268
Aysel Məmmədova - müğənni
Aysel Məmmədova - müğənni

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.

İstiPress-in məlumatına görə, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, bu gün münsiflər heyətinin iclası keçirilib.  Toplantıda ölkəmizi gələnilki yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşib. Bu, Aysel Məmmədovadır.  Qeyd edək ki, “Eurovision-2018” Portuqaliyada “MEO Arena”da reallaşacaq.

Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqilə bağlı olub. O 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival"(2002), Bakı Beynəlxalq Caz Festivalı(2005/2006), "MuzEnergo Festival of Music İmprovisation"(2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Aysel 2013-cü ildə  tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib. 

Aysel pianoçu, vokalist və bəstəkardır.