Xalq artisti dəfn olundu YENİLƏNİB, FOTOLAR

05 May, 2018 15:14 | Mədəniyyət | Baxış sayı: 700
Fuad Poladovun cənazəsi dəfn üçün qaldırılır
Fuad Poladovun cənazəsi dəfn üçün qaldırılır

Aktyorla vida mərasimi başlayıb

Azərbaycanın xalq artisti Fuad Poladov dəfn olunub.

İstiPress-in məlumatına görə, mərhum sənətkarla vida mərasimi başa çatandan sonra cənazə namazı qılınıb.  

Fuad Poladov Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

saat 09:08

Uzun müddət davam edən ağır xəstəlikdən sonra 69 yaşında vəfat edən Xalq artisti Fuad Poladovla vida mərasimi başlayıb. İstiPress-in məlumatına görə, mərasim aktyorun evində keçirilib. Mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Saat 14:00-a kimi davam edəcək mərasimdən sonra onun cənazəsi "Qurd qapısı" qəbristanlığında torpağa tapşırılacaq. Bunu F.Poladov özü vəsiyyət edib. 

F.Poladov ANS teleşirkətinin yaxın dostlarından biri olub. Önəmli günlərdə, tədbirlərdə o həmişə ANS-çilərin yanında yer alıb. Mərhum sonuncu dəfə  2016-cı il dekabrın 28-də keçirilən tədbirdə iştirak etmişdi. Görkəmli xalq artistinin vəfatı ilə əlaqədar onun yaxınlarına, sevənlərinə dərin hüznlə başsağlığı veririk. 

Xatırladaq ki, aktyor səhnə fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib. Aktyor, həm də bir çox kinofilmlərdə bədii obrazlar yaradıb. O, “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Əlvida, cənub şəhəri”, “Yeddi oğuldan biri”, “Fatehlərin divanı”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir” və digər filmlərdə yaddaqalan obrazları ilə insanların sevimlisinə çevrilib.

Mükəmməl, istedadlı aktyor, gözəl insanın fotolarını təqdim edirik. 

Fuad Poladov
Fuad Poladov
Fuad Poladov və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev
Fuad Poladov və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev

Saat 09:08

Azərbaycan daha bir xalq artistini itirdi. İstiPress-in məlumatına görə, Azərbaycanın görkəmli teatr və kino aktyoru,lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Xalq artisti  Fuad Poladov vəfat edib. Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.

Aktyor ötən ilin sonlarında gözündən əməliyyat edilmişdi. 

Mərhumla vida məraisimi bu gün evində keçiriləcək. O, Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib.20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

Allah rəhmət eləsin!