Əməkdar artistin tənha karantin günləri

05 Aprel, 2020 14:29 | Mədəniyyət | Baxış sayı: 748
Məcnun Hacıbəyov
Məcnun Hacıbəyov

Hazırda ömrünün 85-ci baharını yaşayır

Qubada yaşayan əməkdar artist karantin rejimində necə yaşayır?

İstiPress-in şimal bürosuinun məlumatına görə, Azərbaycanın əməkdar artisti, qocaman aktyor Məcnun Hacıbəyov 2010-cu ildən paytaxtdan Qubaya köçüb.

Artıq 10 ildir doğulduğu Qubanın İkinci Nügədi kəndində yaşayan Məcnun Hacıbəyov hazırda ömrünün 85-ci baharını yaşayır. Ölkədə pandemiyanın gərginliyi yaşanan bu günlərdə tək yaşayan əməkdar artistin sağlıq durumu ilə maraqlandıq.

Telefon zəngimizə gümrah səslə cavab verən Məcnun Hacıbəyov səhhətinin normal olduğunu dedi. Söylədi ki, karantin elan olunandan və 65 yaşdan yuxarı insanların küçəyə çıxmasına qadağa qoyulandan ayağını bir addım belə küçəyə qoymur, qaydalara ciddi əməl edir.

Onun sözlərinə görə, evində yaşaması üçün hər cür şəraiti var. Gündəlik ərzaq məhsullarının alınmasında isə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun  Quba rayon şöbəsinin sosial xidmət işçiləri kömək edir: "Qurumun işçiləri mənimlə çox maraqlanırlar. Nə lazım olduğunu öyrənub, dərhal alıb gətirirlər. Digər problemlərimi də soruşurlar. Heç bir narazılığım yoxdur".

Əməkdar artist Məcnun Hacıbəyov sonda Azərbaycan xalqına bu təhlükəli infeksiyadan uzaq olmaq üçün qoyulan qadağalara ciddi əməl etməyi tövsiyə etdi və hər bir vətəndaşımıza sağlamlıq arzuladı: "Evdə qalaq ki, millət kimi var olaq".