“Qayınana”ya qan udduran doğum gününü qeyd edir

04 Yanvar, 2017 20:02 | Mədəniyyət | Baxış sayı: 237
Inara Quliyeva
Inara Quliyeva

İnara Quliyeva 67 yaşını qeyd edib

Bu gün - yanvarın 4-də İnara Quliyeva 67 yaşını qeyd edib. Bu ad azərbaycanlılara heç nə deməsə də, onun oynadığı bir rolun adını çəkmək kifayətdir ki, “həə, tanıdım...”deyəsən. “Qayınana” filmində Afəti xatırlayısınız? Cənnət xalaya qan udduran o həyasız gəlin rolunu məhz İnara Quliyeva oynayıb. 

İnara Aleksandrovna Quliyeva 1950-ci ildə yanvarın 4-də Moskvada anadan olub. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. 

1972-ci ildə məşhur “QİTİS-i bitirən İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə “müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. Bu sırada “Sizi opertta dəvət edir” və “Həmişə yüngül janrda” verilişlərinin adlarını qeyd etmək olar. İnara Quliyeva çoxlu sayda musiqli teatr tamaşalarının quruluşunu verib.

O, bir sıra bədii filmlərdə çəkilib. Sovet İttifaqında populyar film olan “Dövlət sərhəddi”, “Sönən ulduzların işığı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

Azərbaycan tamaşaçıları onu “Qayınana”da Afət rolunda, “Şir evdən getdi”də “Zürafə” rolunda və “Alma almaya bənzər” filmində müəllimə rolunda görüblər.

İnara Quliyeva operetta tamaşalarında çoxsaylı rollar oynayıb. Onun sonuncu quruluş verdiyi operetta Ştrausun “Qaraçı baron” klassik operettasıdır.

Özü barədə mətbuata məlumatında İnara Quliyeva bildirib ki, köklü Moskvalıdır. “Mənim valideynlərim və nənəm, babam Moskvalıdır. Mənim adım latışlardan götürülüb. Familiyama gəlincə, babam azərbaycanlı türkü olub. Damarlarımda 4 xalqın qanı axır. Ailəmizdə teatrla heç kim məşğul olmayıb. Amma mən uşaq vaxtından aktrisa olacağıma söz vermişdim”-deyə İnara Quliyeva bildirib.