Xalq artistindən prezidentin yanında gözlənilməz çıxış

02 Mart, 2019 11:42 | Mədəniyyət | Baxış sayı: 545
Afaq Bəşirqızı
Afaq Bəşirqızı

Afaq Bəşirqızı imkansız aktyorlar üçün maaş və ev istədi, Zeynəb Xanlarova isə...

"Biz Sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı çox böyük bir inqilab etməliyik. İki açıq cəbhəsi olan ovuc boyda Azərbaycanı Siz necə qoruyursunuz? Bu dövlətçiliyi necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə əziyyətlər çəkirsiniz? Bunu biz hamımız başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək bu balaca məclislərdə deyil, geniş meydanlarda olmalıdır, bizim müsahibələrimizdə olmalıdır".

Bu sözləri prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdə xalq artisti Afaq Bəşirqızı deyib. 

O, deyib ki, bu hadisəni başa düşməyən və bu hadisədən sui-istifadə edən ortabab xalqı, sadə bir xalqı qızışdıran, Vətənin bu vəziyyətində öz şəxsi ambisiyaları üçün istifadə edən şəxslərə qarşı dilimiz çox uzun olmalıdır.

"Çünki hər bir xalqı mədəniyyəti ilə tanıyırlar. Hər bir tikilini təzədən bərpa etmək olar, hər bir dağıntını təzədən qurmaq olar, amma mədəniyyət çat verərsə, bu, çox böyük bir bəladır. Burada oturanlar bilirlər ki, bizə, bizim mədəniyyətimizə çox böyük qayğı var. Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq. Bəlkə də bizim içimizdə bunu təsdiq edənlər var. Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq".

Xalq artisti qeyd edib ki, teatr başqa sahələrə nisbətən bir az çətin vəziyyətdədir. Onun sözlərinə görə, işlədiyi Musiqili Teatr, - şəhər mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, - üçüncü kateqoriyadadır. "Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Aktyor səhər tezdən kirayə qaldığı Müşfiqabaddan iki övladı və yoldaşı ilə çayını, çörəyini götürüb gəlib Konservatoriyanın qabağında dayanır. Uşaqların biri dərsə gedir, ikinci uşağı ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada. Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür.

Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir".

Dövlət başçısı İ.Əliyev də teatr işçilərinin maaşlarının qaldırılması məsələsi tezliklə öz həllini tapmalı olduğunu tapşırıb.

Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova isə heç bir xahişinin olmadığını deyib. "Mən ancaq danışa bilərəm. Ataların bir sözü var: “Görünən dağa nə bələdçi”.

Azərbaycanımız çox gözəlləşib, çox böyük inkişaf var. Biz əvvəlki dövrləri də görmüşük, gələn turistləri də görmüşük. Hələ indiyə qədər Azərbaycana bu cür turist axını olmayıb. Hamı nəyə görə gəlir? Ancaq Azərbaycanımızın gözəlliyinə. Neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özümü xoşbəxt hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm. Elə prezidentlərimiz, elə başçılarımız olub ki, bizim kəndlərimizi, rayonlarımızı tanımırdılar.

Bizim əziz Prezidentimiz, bizim əzizimiz Mehriban xanım rayonları, kəndləri qarış-qarış gəzirlər.

Mən heç bir xahişdən ötrü gəlməmişəm. Xahiş edirəm, çıxış edənlər də bu gözəlliklərdən danışsınlar. Xahiş lazım olanda onsuz da elə bir adam yoxdur ki, Prezident onunla ayrıca görüşməsin, onu ayrıca eşitməsin.

Azərbaycanımızın gözəlliyi haqqında o qədər sözlər var ki, yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın".