İlham Əliyev: "Əgər mən bunu əvvəldən bilsəydim..." FOTOLAR

02 Mart, 2019 12:33 | Mədəniyyət | Baxış sayı: 664
Mədəniyyət xadimləri ilə görüş
Mədəniyyət xadimləri ilə görüş

Prezidentdən görüşə gələn məşhurların təkliflərinə cavab

Ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Görüş zamanı Xalq artistləri qarşılaşdıqları problemlər, çətinliklər barədə dövlət başçısına məlumat veriblər. Prezident yekun çıxışında sənətçilərin təkliflərinə dair öz tapşırıqlarını verib. 

İ.Əliyev deyib ki, abidələrlə bağlı olan təkliflərə mütləq baxılacaq. "Cəlil Məmmədquluzadənin abidəsi ilə bağlı təklifləri mən qəbul edirəm, dəstəkləyirəm. Yazıçılar üçün tikiləcək evlə bağlı müvafiq göstəriş verildi, torpaq sahəsi ayrıldı və bu ev tikiləcək. Bununla bərabər, hesab edirəm ki, dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Dövlət Əmlak Komitəsinə müvafiq göstərişlər veriləcək. Onlar indi mənim göstərişlərimi eşidirlər. Qısa müddət ərzində torpaq sahəsi ayrılsın və biz görkəmli xadimlərə gözəl ev tikək, onları mənzillərlə təmin edək.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva

Mən Bəstəkarlar İttifaqı tərəfindən qaldırılmış təklifləri də qəbul edirəm. Yaşar İmanovun mənzil probleminin həlli ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş veriləcək. Əgər mən bunu əvvəldən bilsəydim, çoxdan bu məsələ həll olunardı. 

Televiziya kanallarında bədii şuraların yaradılması çoxdan gündəmdə olan məsələdir, ancaq əfsuslar olsun ki, öz həllini tapmır. Mən hesab edirəm ki, Azərbaycan Dövlət Televiziyası – AzTV bu sahədə birinci olmalıdır. Digər telekanallara da tövsiyə olunur ki, bədii şuralar yaradılsın". Prezident qeyd edib ki, televiziyalarda gedən proqramlarla bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar var, bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir. Bir çox hallarda özəl telekanallar reklam uğrunda mübarizə aparırlar. Ona görə daha baxımlı verilişləri təqdim etməyə çalışırlar və bəzi hallarda orada səviyyə də bir qədər aşağı düşür. Biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Ancaq mütləq bu sahədə vahid bir yanaşma olmalıdır.

"Burada teatrlarla bağlı bir neçə təklif səsləndi. Aparıcı teatrların adlarını mən çəkdim və giriş sözümdə dedim ki, ilk növbədə, teatrların təmiri ilə biz məşğul olduq - Akademik Dövlət Dram Teatrının, Rus Dram Teatrının, Musiqili Teatrın, Gənc Tamaşaçılar Teatrının, Kukla Teatrının. Ona görə, əlbəttə, mən hesab edirəm ki, burada fərq qoymaq olmaz. Teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlansın və əməkhaqları əhəmiyyətli dərəcədə artırılsın. Biz bunu mütləq etməliyik. Əlbəttə ki, dəvətə görə, Hacı müəllim, təşəkkür edirəm. Mən məmnuniyyətlə gələrəm və sizinlə birlikdə gözəl tamaşalara baxmağa məmnun olaram.

Vergilərlə bağlı burada bir fikir səsləndi. Bu, gərək araşdırılsın və baxılsın ki, nə etmək olar. Bununla paralel olaraq, hesab edirəm ki, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Göstəriş veriləcək. Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir. Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək. 

Musiqi alətləri ilə bağlı səslənən fikirləri də mən dəstəkləyirəm. Biz son illər ərzində musiqi alətlərinin alınması ilə bağlı bəzi işləri görmüşük, o cümlədən Fərhad müəllimin təklifləri əsasında. Ancaq, eyni zamanda, biz böyük dəyər kəsb edən, o cümlədən tanınmış ustaların əsəri olan musiqi alətlərinin alınmasına mütləq baxmalıyıq. Bu sahəyə qoyulan investisiyalar həm sərmayə kimi qalacaq, həm də bizim musiqi sənətimizin inkişafında mühüm rol oynayacaq.

Mən memarlıqla bağlı səslənən təklifləri də bəyənirəm. Elə bil ki, Bakının mərkəzi bir neçə rayonda cəmləşir. Mən bilmirəm bu, nə üçün belə olub, tarixən belə olubdur. Burada çox böyük məntiq var. Əgər şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, əlbəttə ki, vahid idarəetmə sistemi də yaradıla bilər. Necə ki, misal üçün, mənim qərarımla Bulvarı, İçərişəhəri ayrı-ayrı inzibati vahid kimi yaratdıq. Məhz buna görə həm Bulvarda, həm də İçərişəhərdə indi səliqə-sahman, qayda-qanun və gözəl ab-hava var. Ona görə mən Bakının mərkəzi rayonunun yaradılması təklifini prinsipcə dəstəkləyirəm. Gərək biz bunu təhlil edək, incələyək ki, hansı addımlar atılmalıdır. Ona görə bu göstəriş də verilir.

Biz Bakının tarixi binalarının bərpası ilə bağlı çox həssas iş aparmalıyıq. Mən həmişə demişəm ki, təmir zamanı binaların tarixi görkəmi saxlanmalıdır. Bu, əsas prinsip olmalıdır. 

Görkəmli memarların şərəfinə abidələrin ucaldılması məsələsinə də Mədəniyyət Nazirliyi ilə birlikdə baxın və təklif verin. Aktyorların maaşları və teatrların kateqoriyalara bölünməsi məsələsini Afaq xanım səsləndirdi, mən də öz fikrimi bildirdim.

Kinofilmlərin çəkilişi ilə bağlı təkliflər səsləndi. Mən hesab edirəm ki, son bir-iki il ərzində buna kifayət qədər fikir verilməmişdir. Biz gərək bu boşluğu dolduraq. Yəni, dövlət xətti ilə, dövlət sifarişi ilə kinofilmlərin çəkilişi prosesi bərpa olunmalıdır. Düzdür, bu ilin dövlət büdcəsində bu, nəzərdə tutulmayıb. Mən bilirəm ki, Əbülfəs Qarayev çox çalışırdı ki, bu, nəzərə alınsın, ancaq hansısa səbəblər üzündən nəzərdə tutulmayıb. Ona görə bunun yolu odur ki, bu il üçün Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılsın, indi siz təklif verin. Gələn ilin və ondan sonrakı illərin dövlət büdcəsində dövlət xətti ilə kinofilmlərin çəkilişi mütləq bərpa edilməlidir.

Kinematoqrafçılar İttifaqının binası ilə bağlı. Əbülfəs Qarayev mənə dedi ki, sizin binanız var.

Əbülfəs Qarayev: Kirayədir.

Prezident İlham Əliyev: Onda təklif olunur ki, Bakı şəhərinin mərkəzində gözəl bina seçilsin. Bakı Şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Komitəsinə, Mədəniyyət Nazirliyinə göstəriş verilir. Şəfiqə xanım, siz özünüz də bu məsələ ilə bağlı təkliflər verin. Əlbəttə ki, biz bunu etməliyik. Çünki Kinematoqrafçılar İttifaqının müstəqil binası olmalıdır və şərait yaxşı olmalıdır.

Rus Dram Teatrının akademik teatra çevrilməsi məsələsində mən heç bir problem görmürəm. Bu gün tapşırıq verirəm ki, bu məsələ həll olunsun və digər teatrların da səviyyəsini qaldırmaq üçün mütləq addımlar atılmalıdır. Prinsipcə, həm maaşlar, həm də status artacaq. Mən dedim ki, teatr işçilərinin maaşlarının qaldırılması məsələsi tezliklə öz həllini tapmalıdır. Siz qeyd etdiniz ki, 11 il keçməsinə baxmayaraq, sanki bu, lap yaxınlarda olub. Yəqin ki, təmirə ehtiyac var. Əgər zərurət yaranarsa, deyərsiniz. Prinsipcə, bizim teatrlarımızda təmir işləri artıq on il bundan əvvəl görülmüşdü. Əgər təmirə ehtiyac varsa, mənə məlumat verin, biz bu məsələni həll edə bilək.

Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək.

Mən Tahir müəllimin həm baş rəssam vəzifəsinin təsis edilməsi, həm də Bakıda bienallenin keçirilməsi təkliflərini də dəstəkləyirəm. Mənə məlumat verildi ki, bu il bienalle keçiriləcək. Bu da çox gözəl bir təklifdir.

Xuraman xanımın da dəvətini məmnuniyyətlə qəbul edirəm. Demək olar ki, burada qaldırılan əsas məsələlərə mən öz münasibətimi bildirdim".

Mehriban Əliyeva
Mehriban Əliyeva