Birinci xanım, qızı və atası ilə kinoya baxdı FOTOLAR

02 Mart, 2018 09:50 | Mədəniyyət | Baxış sayı: 244
"Bir ailə" filminin nümayişi
"Bir ailə" filminin nümayişi

75 yaşlı “Bir ailə”

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ailə üzvləri ilə kinoda. İstiPress-in məlumatına görə, Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə M.Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Bu il “Bir ailə” filminin 75 illik yubileyidir. Film 2008-ci ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə bərpa olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə Rusiyadan gətirilmiş bu ekran əsəri hazırda Dövlət Film Fondunda saxlanılır.

Filmin çəkilişləri çox çətin dövrdə, İkinci Dünya müharibəsi illərində aparılıb. O zaman sovet rejissorları Qriqori Aleksandrov və Aleksandr İvanov Bakıya gəlmişdilər. Bakı Kinostudiyasında üç film - “Xəzər dənizçiləri” sənədli filmi, “Bir ailə” və “Sualtı qayıq T9” bədii filmləri çəkilib. Əfsuslar olsun ki, bu filmlərin ekranlara çıxmasına qadağa qoyulub. Çünki bu filmlərdə Azərbaycan xalqının şücaəti, qəhrəmanlığı, Böyük Vətən müharibəsində qələbə qazanmaq naminə misilsiz xidmətləri tərənnüm olunurdu. 

1943-cü ildə Bakı Kinostudiyası tərəfindən çəkilmiş bu film İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədə Azərbaycan neftinin rolundan və xalqımızın vətənpərvərliyindən bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal Paşayev, bəstəkarı Qara Qarayev, rejissorları Rza Təhmasib, Mikayıl Məmmədov və Qriqori Aleksandrovdur. Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökümə Qurbanova, Mirzə Babayev və digərləri çəkiliblər. Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir.

Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir. Ekran əsərinin süjeti cəbhədə olan azərbaycanlı tankçı Nəcəfin birgünlük məzuniyyət zamanı aşiq olduğu Katya adlı rus qıza məhəbbəti ətrafında qurulub. Belə ki, əsgər yoldaşı yaxınlıqdakı şəhərdə tanış-bilişi olmayan Nəcəfə öz ev ünvanını verir. Nəcəf isə ünvanı səhv salır, başqa ailənin qapısını döyür. Ailə onun səhv gəldiyini bilsə də, üzünə vurmur, mehribanlıqla qarşılayır. Bir gündə Nəcəflə ailənin qızı Katya arasında sevgi bağı yaranır. Katya rolunu Lyubov Orlova, Nəcəf rolunu isə görkəmli aktyor Xosrov Məlikov ifa edib.