Leyla Əliyeva və Arzu Əliyeva Nəsimi müsabiqəsinin yekununda FOTO

01 Oktyabr, 2018 16:29 | Mədəniyyət | Baxış sayı: 73

Ədəbi yarışa 90-dək gənc şair qatılmışdı

Sentyabrın 30-da Bakı Media Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış və Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva mərasimlərdə iştirak ediblər.

Festivalın bağlanışı mərasimində “Mərhaba!” ədəbi-musiqili tamaşa təqdim olunub. Ecazkar musiqi, tamaşanın plastik həlli və əlbəttə ki, Nəsiminin qiymətli kəlamlarının aktyorların ifasında məharətlə səsləndirilməsi şairin tükənməz poetik dünyasını bir daha təcəssüm etdirib. Mütəfəkkir şairin qəzəllərindən səsləndirilən “Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhaba”, “Mənəm ol tilsimi-pünhan ki, bu gün cahanə gəldim” və digər misralar hər kəsi bir daha Nəsimi şeiriyyətinin təsirinə salıb, insan, həyat, həqiqət axtarışı haqqında düşüncələrə dalmağa sövq edib.

Sonra Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qalibləri – Tahirə Məmmədova, Mehman Rəsulov, Rüstəm Tofiq, habelə ən gənc iştirakçı Aysel Babayeva və Mehriban Səttarova mükafatlandırılıblar.

Mükafatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.

Qeyd edək ki, müsabiqə gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilib. Ədəbi yarışa 90-dək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə onlardan 17-si final mərhələsinə qalıb.

Heydər Əliyev Fondunun təşkilatlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının keçirildiyi dörd gün ərzində Bakıda və Şamaxıda ölməz şairin ruhunu və yaradıcılığını yaşadan, incəsənət və mənəviyyatı tərənnüm edən müxtəlif tədbirlər-sərgilər, mühazirələr, ədəbi-bədii gecələr, musiqili kompozisiyalar və s. təşkil olunub.