Rusiya Ermənistanın bayramını qara gətirdi

31 Dekabr, 2018 10:40 | İqtisadiyyat | Baxış sayı: 286
Qaz boru xətti
Qaz boru xətti

Putin Paşinyanı da, Qriqoryanı da əliboş qaytardı

Bu gün – dekabrın 31-də Rusiya ilə Ermənistan arasında qaz nəqli ilə bağlı müqavilənin müddəti bitir. Bunun üçün də ölkə əhalisinin böyük hissəsinin bayram əhval-ruhiyyəsi yoxdur. İşsizlik, ən çox da ərzaq məhsullarındakı qiymət artımı probleminə indi də qazın qiymətinin qalxması riski əlavə edilib.

Baş nazirin müavini Mger Qriqoryan “Qazprom”un nümayəndələri ilə danışıqlardan sonra İrəvana əliboş qayıdıb. Mətbuat Qriqoryanın bu gün və ya sabah yenidən Rusiyaya gedəcəyini istisna etmir.

Danışıqlar çox ağırdır. İrəvan güzəşt istəyir, Moskva isə dediyində dayanır. Hətta Putin ilə Paşinyan arasında Kremldə keçirilən danışıqlarda belə qaz məsələsi nəticəsiz qalıb. Ehtimal edilirdi ki, Paşinyanın Moskvaya işgüzəar səfəri bu problemi həll etməyə imkan verəcək. Hər halda baş nazir vəzifələrini icra edən şəxsin özü belə idda edirdi.

Heç nə alınmadı. Yanvarın 1-dən Ermənsitan üçün qaz əhəmiyyətli dərəcədə bahalaşacağı gözlənilir. 

Yerli ekspertlər hesab edirlər ki, hökumət artıq qiymət artımının ancaq dövlətə aid olacağı, istehlakçılara isə heç bir təhlükə olmadığı barədə dezinformasiya yayıb. Amma buna çox az adam inanır. Çünki dövlətin xirtdəyə kimi borc içində üzdüyünü bilirlər.

Xatırladaq ki erməni mətbuatının məlumatına görə, qazın min kubmetrinin qiyməti 150 dollardan 215 dollara qalxacaq. Bu isə erməni sinoptiklərinin kəskin qış olacağı barədə proqnozları ərəfəsində ürküdücü səslənir. 

İndi erməni rəhbərlər Azərbaycandan stabil qiymətə fasiləsiz qaz alan Gürcüstana həsrətlə baxırlar. Ermənistan da yaxınlığındakı Azərbaycandan qaz ala bilərdi. Amma bu son erməni hərbçisinin də işğal edilmiş torpaqlardan çıxmadıqca mümkün olmayacaq.

Prezident İlham Əliyevin dediyi kimi - Qarabağ problemi həlli olmadıqca Ermnistanın nə sosisal, nə də iqtisadi gələcəyi var.