Bu nüvə dövləti SOCAR-dan kreditlə benzin almağa hazırlaşır

31 Dekabr, 2018 15:59 | İqtisadiyyat | Baxış sayı: 228
Pakistan qırıcıları SOCAR yanacağı ilə işləyəcək
Pakistan qırıcıları SOCAR yanacağı ilə işləyəcək

SOCAR-ın Dubayda neft rezervuarı var və şirkət Pakistana benzini oradan göndərmək imkanındadır

İslam dünyasında nüvə silahına malik yeganə ölkə Pakistan hökumətinin İqtisadi Koordinasiya Komitəsi  sabah yanvarın 1-də Azərbaycandan kreditlə yanacaq alınmasına dair razılaşmanı təsdiqləmək üçün xüsusi toplantı çağırıb.

İstiPress-in məlumatına görə, hökumət Azərbaycandan uzunmüddətli kredit hesabına avtomobil benzini alaraq ölkə daxilində benzinin bahalaşmasının qarşısını almağa hazırlaşır.

Komitənin iclasına maliyyə naziri Əsəd Umar başçılıq edəcək. İnformasiyalı mənbələr bildiriblər ki, Azərbaycan dövlət neft şirkəti SOCAR vasitəsilə Pakistana uzunmüddətli razılaşma çərçivəsində Pakistana neft məhsullarının təchizatını təklif edib.

Tərəflər 2017-ci ilin fevralında neft-qaz məhsullarının, o cümlədən yanacaq mazutunun, benzin və dizel yanacağının, sıxılmış qazın təchizatına dair hökumətlərarası saziş imzalayıblar. Gözlənilir ki, bu saziş çərçivəsində SOCAR və Pakistanın PSA şirkəti 4-6 aylıq kreditlə 100-150 milyon dollarlıq avtomobil benzininin idxalına dair müqavilə bağlayacaqlar.

Mənbələr deyiblər ki, SOCAR-ın Dubayda neft rezervuarı var və şirkət Pakistana benzini oradan göndərmək imkanındadır.

Pakistan hökuməti bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından da yanacaq idxal edib. Lakin hökumətdəki mənbələr deyiblər ki, bu razılaşmaları Azərbaycanla razılaşma ilə müqayisə etmək şərtlər baxımından mümkünsüzdür. Azərbaycan Pakistanla dostluq münasibətlərini nəzərə alaraq daha münasib şərtlər təklif edib, üstəlik SOCAR iki ölkə arasındakı münasibətləri nəzərə alaraq heç bir dövlət qarantiyası olmadan 100-150 milyon dollarlıq benzini kreditlə verəcək.