Koronavirusun ziyan vurduğu bu sahələrə kömək ediləcək

31 Mart, 2020 10:20 | İqtisadiyyat | Baxış sayı: 55
Mikayıl Cabbarov
Mikayıl Cabbarov

9 istiqamət üzrə proqram hazırlanıb

“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində dbelə deyib. Nazir bildirib ki, ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib:

"İctimai-iaşə, xidmət sektoru, turizmlə bağlı sahə, ümumilikdə 11 istiqamət müəyyənləşdirmişik. Təsir 100% qiymətləndirilib. Həmin müəssisələrdə muzdlu olaraq fəaliyyət göstərən hər bir işçini əhatə edəcək. 

Daha 9 fəaliyyət istiqamətində əhəmiyyətli mənfi təsir olan sahələri müəyyənləşdirmişik. Burada biz 70% əmsalını tətbiq edirik. Başqa sözlə, burada təsir daha aşağıdır. Proqramın çərçivəsi ondan ibarətdir ki, burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əmək haqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir. Minimal təsirə məruz qalmış və ya təsirsiz ötüşmüş sektorlara baxdıqda yuxarı əmək haqqı alan işçilər məhz rabitə, bank və sığorta sektorlarındadır".

M.Cabbarov bildirib ki, üçüncü proqram vergi güzəştləri, tətilləri və imtiyazları proqramıdır. Dördüncü proqram olaraq isə ipoteka kreditlərinə dəstək nəzərdə tutulub. 

"Onu da vurğulamaq istəyirəm ki, biz növbəti günlər və həftələr ərzində bu proqramların son dizaynını, mahiyyətini həm həmkar qurumlarla, həm özəl sektorla, həm də bəlli qurumlarla son nəticəyə gətirəcəyik. Ölkə prezidentinin bizə verdiyi tapşırıq ondan ibarət idi ki, biz bu iqtisadiyyata dəstək proqramını 1 milyard manatla məhdudlaşdırmayaq və daha geniş şəkilə gətirə bilək”.