Azərbaycanlıların yeni qorxusu - Böyük pullar ölkədən çıxarılır

31 Mart, 2017 16:38 | İqtisadiyyat | Baxış sayı: 789
Azərbaycanlıların yeni qorxusu - Böyük pullar ölkədən çıxarılır
Azərbaycanlıların yeni qorxusu - Böyük pullar ölkədən çıxarılır

Mütəxəssislər həyəcan təbili çalır

Son 1 il ərzində Azərbaycandan xaricə ciddi valyuta axını müşahidə edilir. Buna səbəb Azərbaycanda banklar və maliyyə təşkilatlarında dollar çatışmazlığı, köçürmələr və digər xidmətlər üçün faizlərinin yüksək olmasıdır. Nağdlaşdırılmada problemlərin mövcudluğu da vətəndaşları və sahibkarları ölkə xaricindəki banklara maraq göstərməyə vadar edən səbəblər sırasındadır.

Müşahidələr göstərir ki, intensiv formada xaricə pul köçürmə əməliyyatı keçirənlər yerli banklardakı hesablarını bağlamaqla məşğuldurlar.

Mütəxəssislərin dediyinə görə, bunun nəticəsidir ki, ay ərzində hər bank təqribən bir neçə milyon manat itirib.

Bank sektoru üzrə ekspert Əkrəm Həsənov bildirir ki, ən  böyük axın əslində 2015-2016-cı illərdə olub.

"Məlum devalvasiyalardan sonra böyük vəsaiti olan sahibkarlar Avropa ölkələrinin banklarına, orta səviyyədə olanlar, eləcə də adi vətəndaşlar Gürcüstana, qismən də Türkiyəyə üz tutub. Səbəblər isə xaricdə məhkəmələrin sahibkarların hüquqlarını müdafiə etməsi, məmur müdaxilələrinin azlığı və məxfilik məsələlərində zəmanətin təmin olunması, həmçinin nağdlaşdırmaya görə faiz tutulmamasıdır. Bir sözlə, Azərbaycanda sahibkar biznesini təhlükə altında olduğunu düşünür və hər an müflis olmaq qorxusu ilə yaşayır".

Eyni halı Gürcüstanda da aydın sezmək mümkündür. Bu ölkədə fəaliyyət göstərən iqtisadçı Liya Əliyevanın sözlərinə görə, Azərbaycandan daha çox pul kapitalı qəbul edən   Qafqaz İnkişaf Bankı Gürcüstanda bağlandıqdan sonra bu rəqəmlər nisbətən azaldı. Ancaq bu ildən proses artan qrafiklə davam edir.

“Təqribi rəqəmlərə görə, Azərbaycan vətəndaşlarının Gürcüstan bank sektorundakı payı 10 faizə qədərdir. Ancaq artım tempində yüksəlmə müşahidə olunur. Son bir neçə ay ərzində müraciətlər əvvəlkindən 4-5 faiz çoxalıb”.

Azərbaycanda fəaliyyət göstərən bankların bir neçəsi ilə əlaqə saxladıq. Maliyyə təşkilatlarının nümayəndələri böhran dövrünü çətin keçirdiklərini desələr də, kütləvi və davamlı şəkildə vəsait qoyuluşunun azalması və ya əmanətlərin geri götürülmələrinin artması ilə bağlı məlumatları təkzib etdilər. Onlar bu halın dövri xarakter daşıdığını, xarici valyutanın məzənnəsində yüksəliş olduğu zaman əmanətlərin çıxarıldığını, sabitləşmə yarananda isə etimad artdığı üçün müraciətlər də çoxalır. 

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında hansı addımların atıldığını öyrənməyə çalışdıq, ancaq heç bir cavab əldə edə bilmədik.

Hazırda ölkədə 50-dən artıq bank və bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Hər birinin bir neçə milyon itirdiyini nəzərə alsaq, bu il ərzində milyard dollardan çox vəsait itkisi deməkdir.