Ermənistan rəhbərliyinin qaçış planı - pullar ölkədən çıxarılır

31 Yanvar, 2018 14:09 | İqtisadiyyat | Baxış sayı: 772
İrəvanda kommersiya bankı - ARXA FON
İrəvanda kommersiya bankı - ARXA FON

Hökumətin sabaha təyin edilmiş iclasında təcili qərar qəbul ediləcək

Ermənistanda offşorların adını dəyişdirərək "xüsusi vergi sistemi olan ölkələr (coğrafi ərazilər)" qoymaq və onların siyahısını genişləndirmək qərarına gəlinib.

İstiPress-in məlumaitına görə, bu barədə Rusiya və Ermənistan KİV-ləri yazıblar və hökumət sabahkı iclasında bu məsələyə baxacaq. Qərara alınıb ki, Amerika Samoası, Monqolustan, Namibiya, Trinidad və Tobaqo, Tunis və Cənubi Koreyanın da adı bu siyahıya salınsın.

Ofşor zonalar adətən kənar şirkətlər üçün vergi cənnəti rolunu oynayır və bir çox kriminal qruplaşmalar həmin zonalardan istifadə etməklə çirkli pulları yuyurlar. Çünki ofşor zonalar daxil olan pulların mənbəyi barədə məlumatları gizli saxlayırlar, həmin pullardan yalnız aşağı faizlərlə vergi tuturlar. Öz iqtisadiyyatlarını qorumaq üçün ofşor şirkətlərin həmin ölkələrin iqtisadiyyatına sərmayə yatırmağa imkanı yoxdur.

İqtisadçı ekspert Vüqar Bayramov İstiPress-ə müsahibəsində Ermənistanda ofşorların adının dəyişdirilməsini bu terminə münasibətin dəyişdirilməsi niyyəti ilə izah edir:

“Adətən ölkələr özlərinin ofşor kimi təqdim edilməsini istəmirlər. Həmçinin, ofşorlara göndərilən vəsaitlər də ictimaiyyətin diqqətini xüsusi cəlb edir. Ofşorların adının dəyişdirilməsi və siyahısının genişləndirilməsi göstərir ki, Ermənistanda xeyli qeyri-rəsmi pul yığılıb və həmin pulları ofşorlara göndərərək yumaq istəyirlər. Buna görə də bank əməliyyatlarını pulların offşorlara yox, "xüsusi vergi sistemi olan ölkələr"ə getməsi kimi rəsmiləşdirmək istəyirlər”,- deyə Vüqar Bayramov vurğulayır.

Əslində, genişlənən ofşor siyahısında Cənubi Koreyanın adının olması da iqtisadçı ekspertin dediklərini təsdiqləyir. Ermənistanın indiki rəhbəri Serj Sarkisyanın bu ölkə ilə xüsusi əlaqələri var. Bir neçə il öncə Serj Sarkisyan Cənubi Koreyaya gedərək orada xüsusi cavanlaşma - botoks, mezoterapiya və s. əməliyyatlarından keçmişdi və bunun üçün 200 min dollara qədər pul ödənmişdi. Yəqin pullar həmin kanalla ölkəni tərk edəcək.

Armen Sarkisyan və Serj Sarkisyan
Armen Sarkisyan və Serj Sarkisyan

Əslində, Serj Sarkisyan əlindəki vəsaitləri indidən ofşorlara çıxarmaqla aprelin əvvəlinə hazırlaşır. Aprelin əvvəlində Serj Sarkisyan prezident kürsüsündən gedəcək və onun baş nazir kimi hakimiyyətdə qalıb-qalmayacağı hələ də  sual altındadır. Hakim parityanın namizədi Armen Sarkisyan Britaniyada yaşayır və qərbə yaxından bağlı adamdır. Onun öz hakimiyətində “Daşnakustyun”a əsaslanacağı barədə ehtimallar var. Bu isə Serj Sarkisyanın baş nazir kimi hakimiyyətdə qalma şansını azaldır. Yəni aprelin 2-də prezident seçilən Armen Sarkisyan incə bir üsulla Qarabağ klanını hakimiyyətdən sala bilər - daşnaklarla, Nikol Paşinyanın rəhbərlik etdiyi “Çıxış” qrupu və Sarukyan blokları ilə əlaqəyə girərək klanı tarixə göndərə bilər. Yetərincə ehtiyatlı olan Sarkisyan məhz həmin günə hazırlaşır.