Sabahdan siyahıyaalma başlayır

30 Sentyabr, 2019 14:12 | İqtisadiyyat | Baxış sayı: 65
Əhali
Əhali

Siyahıyaalma on gün davam edəcək

Sabahdan Azərbaycanda əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması başlayacaq.  Siyahıyaalma oktyabrın 10-dək davam edəcək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib.

Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və digər mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.

Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıyaalınması sonuncu dəfə 2009-cu ildə keçirilib.