Ekoloji təmiz şirinlik

29 Noyabr, 2019 19:08 | İqtisadiyyat | Baxış sayı: 118

Həm alana, həm satana xəbərdarlıq

Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin "Arıçılıq" mərkəzi Goranboyda  insanlar üçün olduqca vacib görünəcək maraqlı bir tədbir keçirib. Tədbirə ölkənin müxtəlif bölgələrindən gələn arıçılar və bu sahə üzrə məşğul olan iş adamları qatılıb.  Mən də Qubada yaşayan bioloq alim Dilşad Bayramovanın dəvətilə bir mətbuat nümayəndəsi kimi bu tədbirdə iştirak etdim. Demək olar ki, çox şey öyrəndim. Bir bal alıcısı kimi.

"Modern arıçılıq" adlanan konfransda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturlarının rəsmiləri ilə yanaşı Türkiyənin Bingöl Universitetinin 4 nəfərlik elmi işçi heyəti də qatılıb, birgə fikir mübadiləsi aparılıb. Arıçılığın inkişaf etdirilməsi  yolları araşdırılıb. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Arıçılıq" mərkəzinin rəisi Allahverdi Seyidov ölkədə arıçılığın elmi əsaslarla inkişafı barədə danışıb. Məruzə və çıxışlarda keyfiyyətli bal məfhumu xüsusi olaraq diqqətə çatdırılıb.

Goranboylu arıçı Şahrudə Kərimova bəzi fırıldaqçı arıçıların insan sağlamlığına ziyan vuran arı məhsullarını satmaqda təqsirləndirib və Kənd Təsərrüfatı Nazirliyinin bu məsələyə ciddi nəzarət etməsini xahiş edib. Xanım arıçı İstiPress-ə bu barədəki narahatçılığını belə çatdırıb: "Bal alan əhalimizə müraciət edirəm. Fırıldaqçı arıçılardan uzaq olsunlar. 10 ildən qalma qap-qara şanını göstərib deyirlər ki, təmiz baldı, çiçək balıdı. Yalan deyirlər, guya tərkibində propolis var, çiçək tozu var. Qara şanıya deyirlər balın qaymağıdı. Düz demirlər. Təmiz bal mütləq açıq rəngli olmalıdır. Heç vaxt məhsulunu satan arıçıdan soruşmayın, səndə çiçək, biyan və cökə balı var? Yalandan deyəcək, var. Onun balı qatqılıdı, təmiz bal deyil".

Şahrudə Kərimova qara rəngli şanının tərkibində antibiotiklərin çox olduğunu deyərək bunun alıcıların həyatı üçün təhlükəli virus sayıldığını deyib və nazir İnam Kərimovdan şəxsən bu məsələyə xüsusi diqqət yetirməsini xahiş edib.

Gəncə "Arıçılıq" mərkəzinin rəisi Allahverdi Seyidov da bu fikirdədir. O hesab edir ki, Azərbaycanda taxıl əkən fermerlərlə arıçılıqla məşğul olan iş adamları birgə-qarşılıqlı işləməlidir: "Taxılçılıqda alaqotuna qarşı istifadə etdiyi herbisid, nestisid və inseksid kimi kimyəvi dərmanların istifadəsi zamanı arı ailələri bunlardan çox kənarda olmalıdır. Əks təqdirdə bu dərmanlar taxıla vurulandan sonra ərazidəki çiçəyə qonan arının balının tərkibində antibiotik daha çox olur və bu, insan sağlamlığı üçün çox təhlükəlidir".

Allahverdi Seyidov antibiotikin miqdarı çox olan balın insan bədənində xərçəng və qara ciyərin serrozu kimi dəhşətli xəstəliklərə səbəb olduğunu bildirib. Arıçılıq mərkəzinin rəhbəri arıçı iş adamlara öz təcrübəsindən faydalanmağı tövsiyyə edib. Onun sözlərinə görə, arının nektar alması üçün arıçılar ot, kol və ağac bitkilərindən istifadə etməlidirlər. Mərkəz rəhbəri lavanda adlanan, arıçılıq üçün olduqca sərfəli olan bitkini əkməyi hər bir arıçıya məsləhət görür: "Lavanda çox xeyir gətirən bitkidir. Onun 1 hektarından 4 ton lavanda çiçəyi çıxır. Bu 4 tondan da 80 litr lavanda yağı çıxır. Dünya bazarında bir litr lavanda yağının qiyməti 100-200 ABŞ dollarına satılır".

Gəncə "Arıçılıq mərkəzi"nin rəisi Allahverdi Seyidov deyir ki, Azərbaycanda ilk olaraq lavandanın Zaqatala rayonunda "AzRoss" şirkəti əkib: "Biz də 5 ildir bu bitkini mərkəzin ərazisində əkirik. Çox qiymətli bitkidir. 2023-cü ildə dünya bazarında lavandanın 115 milyard manat məbləğində ixracatı gözlənilir. Türkiyə 5 milyard ixracata meyllidir. Biz isə hələ sıfır faizə iddialı deyilik. Çünki, demək olar, 100 hektar belə lavanda əkməmişik. Arıçılara müraciət edirəm ki, nə qədər boş yer var, zibillik, əkilməyən yer var, lavanda əksinlər. Səmərəsini dünya bazarı səviyyəsində görə bilərlər. Niyə Azərbaycan 2023-cü il ixracatında lavandanın heç olmasa 1 milyard məbləğində satışını həyata keçirməsin?"

Allahverdi Seyidov məhz deyilən bütün nüansların  nəzərə alınacağı təqdirdə Azərbaycanın keyfiyyətli balının dünya bazarına çıxmasının qaçılmaz olduğunu söyləyib.

Aytəkin Alxaslı