Azərbaycanda bu şirkətlərə qarşı cinayət işi açıldı - SİYAHI

29 Noyabr, 2017 17:24 | İqtisadiyyat | Baxış sayı: 203
Baş Prokurorluq
Baş Prokurorluq

İbtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluq bir neçə şirkətin əmək müqaviləsi qüvvəyə minmədən işçiləri xidmətə cəlb etməsi barədə məlumat yayıb.

İstiPress-ə daxil olan rəsmi açıqlamada qeyd edilib ki, Agentliyin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tikinti obyektlərində, o cümlədən bu növ obyektlərin sifarişçi, podratçı və ya subpodratçıları olan “İ.N.V.” və “XƏZƏR-SV” adlı Mənzil-Tikinti Kooperativləri (MTK), “İNŞAAT KONSTRUKSİYALARI”, “FILEUR GLOBAL SECURITY GROUP”, “RAHATLIĞIN MƏKANI-GOLD”, “AZKO İNŞAAT” və “AVES” adlı Məhdud Məsuliyyətli Cəmiyyətlər, eləcə də fiziki şəxs Azər Niftəliyevin sahibkarlıq fəaliyyəti ilə bağlı səyyar monitorinqlər aparılıb.

Nəticələrə dair həmin agentlikdən daxil olan sənədlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. 

İlkin araşdırmalarla “İ.N.V.” MTK və “AVES” MMC-nin vəzifəli şəxslərinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmələri müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə  yetirilməsinə cəlb edilməsi) maddələri ilə 2 cinayət işi başlanıb.

İbtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilib.

Həmçinin,  “RAHATLIĞIN MƏKANI-GOLD” MMC və “AZKO İNŞAAT” MMC tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Sözügedən hüquqi şəxslərin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün inzibati icraatın açılması barədə qərarlar qəbul edilərək, toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilib.