Prezident narazı qaldı: "Niyə məlumat vermirsiniz bu haqda?"

29 Oktyabr, 2019 09:05 | İqtisadiyyat | Baxış sayı: 191
İlham Əliyev yeni yolun açılışında
İlham Əliyev yeni yolun açılışında

İlham Əliyev Şamaxı-İsmayıllı yolunun vəziyyətindən danışıb

"Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda?".

Bunu ötən gün Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı zamanı İlham Əliyev deyib. Prezident Şamaxı-İsmayıllı yolunun yenidən qurulması barədə göstəriş verib. 

Dövlət başçısı indi kənd yollarını magistral yollar səviyyəsində inşa edildiyini bildirib. "Şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə".

Xatırladaq ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və 8 avtodayanacaq quraşdırılıb. Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.

Prezident İlham Əliyevə rayonun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Qeyd olundu ki, 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 18 kilometrdir.