Sabah 3-cü devalvasiya olacaq?

29 Sentyabr, 2017 14:11 | İqtisadiyyat | Baxış sayı: 2282
Azərbaycan manatı
Azərbaycan manatı

Mərkəzi bank banklara məktub göndərdi - sabah iş günü elan edildi

Şənbə günü banklara iş günü elan edilib. Bu barədə Mərkəzi Bankdan milli ödəniş sisteminin iştirakçısı olan banklara məktub göndərilib. Məktub bankın sədrinin birinci müavini Alim Quliyevin adındandır. 

“Milli ödəniş sisteminin iştirakçılarına! Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zərurililiyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün iş günü elan edilir.

Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixli yeni əməliyyat günü hesab edilir".

Mərkəzin Bankın bu addımı əhali arasında təşvişə səbəb olub. Əhali arasında ölkənin baş bankının 3-cü devalvasiyaya hazırlaşdığını barədə narahatlıq yaranıb. 

İqtisadçılar da banklara şənbə günü ilə bağlı olan bu müraciətə birmənalı yanaşmayıblar. İqtisadçı, eskpert Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank iş günü ilə bağlı atdığı addımın səbəbini açıqlamalıdır.

"Bu gün çoxlu sayda vətəndaşlarımız mənə müraciət edərək sabah manatın yenidən devalvasiya edib-etməyəcəyini soruşurlar. Səbəb isə sabah şənbə günü olmasına baxmayaraq bir sıra banklara iş başında olmaları barədə göstərişin verilməsdiri. Konkret olaraq, sabah devalvasiyaya olacaqmı? Cavab Mərkəzi Bankdadır. Düşünürəm ki, buna görə də Mərkəzi Bankın gün ərzində qısa zamanda bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var.

Mərkəzi Bank nəinki sabah, ümumiyyətlə növbəti dövrdə və aylarda məzənnəsinin necə dəyişməsi ilə bağlı öz gözləntilərini vətəndaşlar ilə daimi bölüşməlidir. Makro-iqtisadi göstəricilərə və eləcə də tədiyyə balansındakı saldoya əsaslansaq yeni potensial devalvasiya səbəbi izah edilən deyil. Təbii ki, məzənnə ilə bağlı rəsmi qərarı Mərkəzi Bank qəbul etdiyi üçün sabah və ya başqa hər hansı gün devalvasiyanın olub-olmadığı söyləmək nəinki çətindir, hətta valyuta bazarındakı indiki mövcud tənzimləmə ilə bunu proqnozlaşdırmaq heç mümkün də deyil. Proqnozlaşdırıla bilən xarici valuyataya tələbin necə deyişməsidir. Biz avqust ayında dollara tələbin artacağını öncədən proqnozlaşdırırdıq və bu da baş verdi.

Dövlət Neft Fondu iyulda hərraclarda 253,2 milyon manat satmışdısa, avqustda 292,6 milyon manat xərclədi. Bu isə o deməkdir ki, dollara tələb avqustda iyula nisbətən 15 faizdən çox yüksəlib. İlin sonuna doğru dollara tələbin artacağı gözləniləndir. Bunun məzənnəyə necə təsir edəcəyi isə yenə də birbaşa Mərkəzi Bankın səlahiyyətində olaraq qalmaqdadır".