“Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edildi

29 Aprel, 2020 09:46 | İqtisadiyyat | Baxış sayı: 73
Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Bu bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ötən gün inzibatçı təyin edilmiş 4 bankdan 2-nin - "Atabank" və "Amrah Bank" ASC-lərin lisenziyaları ləğv edilib.

İstiPress-in məlumatına görə, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb, xüsusən “Atabank” uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilməyib. Belə ki, ölkə prezidentinin 28 noyabr 2019-cu il sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra AMB-nin hər iki bankda apardığı yoxlamalar nəticəsində məlum olub ki, onlar ciddi maliyyə itkilərinə yol verib, kapitallarını tam itirib və müflis vəziyyətinə düşüb. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılıb və bankları əlavə kapitallaşdırmaq təklif olunub, lakin bank sahibləri bu imkandan istifadə etməyiblər.

"AMB ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan edib, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirib. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.

Maliyyə dayanıqlığı problemi olan kommersiya b ankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılıb və AMB qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə alıb.

Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum məbləğdan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv olunması barədə məhkəməyə müraciət olunub.

Hər iki bank ADIF-in üzvüdür və əhalinin onlarda qorunan əmanətlərini heç bir dövlət vəsaiti cəlb etmədən Fond tam ödəyəcək. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə AMB kredit ayıracaq. Bu krediti Fond bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəyəcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.

“Atabank” və “Amrah Bank”ın digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunverililiyə müvafiq qaydada tənzimlənəcək.

Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank - “AGBank” və “NBC Bank” ASC-lərdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaq. Qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün xüsusi tədbirlər planı hazırlanlb və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaq", - deyə qurum bəyan edib.