Astara-Rəşt dəmir yolu on minlərlə iş yeri açacaq

29 Mart, 2018 14:50 | İqtisadiyyat | Baxış sayı: 177
 İlham Əliyev Azərbaycan-İran biznes forumunda
İlham Əliyev Azərbaycan-İran biznes forumunda

"Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır".

İstiPress-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.

Ölkə başçısı İranla Azərbaycan arasında itisadi münasibətlərin durumuna da toxunub: "Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaqdır. Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab Prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq. Böyük turist axını gözlənilir. Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə yaxşı gəlir gətirəcəkdir".