İstanbulda dünyanın ən böyük aeroportu açılır

28 Oktyabr, 2018 10:29 | İqtisadiyyat | Baxış sayı: 144
Yeni hava limanı
Yeni hava limanı

Yeni hava limanından ilk xarici uçuş Bakıya olacaq

Sabah Türkiyənin üçüncü hava limanının ilk hissəsinin açılışı olacaq. İstiPress-in məlumatına görə, aeroport tamamlandığında dünyanın ən böyük hava limanı olacaq. 

Açılış Cumhuriyyət bayramı günü baş tutacaq. Açılışa ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı dünyanın onlarla ölkəsinin dövlət və hökumət başçıları da qatılacaq. Açılış mərasimi canlı yayımlanacaq.

Aeroport hələlik qismən fəaliyyət göstərəcək. Bu dekabrın 31-dək davam edəcək. Yeni ildən isə yeni hava limanı tam gücü ilə işə salınacaq.

İlk uçuşlar oktyabrın 31-dən başlayacaq və ilk reys İstanbul Yeni Hava limanı (ISL) - Ankara Esenboğa Hava limanı (ESB) arasında baş tutacaq. Daxili reys 45 dəqiqə davam edəcək. 

Türkiyənin yeni açılacaq hava limanından ilk xarici uçuş Şimali Kipr və Bakıya olacaq. Yeni aeroportdan Bakıya təyyarə noyabrın 8-də qalxacaq.

Uçuşlar "Boeing 737-800" tipli təyyarələrlə həyata keçiriləcək. 76,5 milyon kvadrat metrlik ərazidə inşa edilən hava limanının ilkin fazasının açılışı üçün 6 milyard avro sərmayə yatırılıb. Ümumilikdə digər mərhələlər də sərnişin artımına bağlı olaraq 2023-cü ilə qədər tamamlanacaq.

Buradan gündə iki min təyyarə qalxış və eniş edə biləcək. Hava limanı 250 hava yolu şirkətinə xidmət edəcək.

Xatırladaq ki, açılış ilə bağlı olaraq Türkiyə mətbuatı daxili uçuşlar hər şey daxil 59 lira, Bakıya gediş dönüş isə 99 dollar olacağı barədə məlumat yaymışdı. Bu qiymətlər 2 aylıq kampaniya zamanında keçərlidir.