Bakıda bal yarmarkası açıldı

28 Sentyabr, 2019 10:30 | İqtisadiyyat | Baxış sayı: 98
Bal
Bal

Açılış, şənbə və bazar günləri əyləncəli proqramlar, konsertlər olacaq

Bu gün Bakıda arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası açılıb. Yarmarkada 37 rayon üzrə 321 iştirakçı qeydiyyata alınıb. Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilir. 

Qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. 

Ümumilikdə, 3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.

Vətəndaşlar 28 sentyabr-18 oktyabr tarixlərində hər gün saat 8:00-dan 20:00-dək bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsulları əldə edə bilərlər.

Marağın artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər olacaq, yarmarkanın keçirildiyi müddətdə arıçılıq məhsullarının dequstasiyası da təşkil ediləcək.