Venesuela qarışdı - neft bahalaşdı

28 Yanvar, 2019 08:37 | İqtisadiyyat | Baxış sayı: 95
Neft hasilatı
Neft hasilatı

"Qara qızıl"ın qiyməti 61 dolları da ötüb

ABŞ-la Venesuela arasındakı gərginlik “qara qızıl”ın qiymətinin yuxarı istiqamətli dəyişməsinə təsir göstərir. Neft bazarı iştirakçıları bu gərginliyin tədarükdə ləngiməyə gətirib çıxaracağından narahatdır. Neftin qiyməti isə bu narahatlıqlar fonunda bahalaşır. Belə ki, “Brent” və “Light” neftinin qiyməti son günlərdə artır. Hazırda “Brent”in bir barreli 61,6 dollardan, “Light”ın isə bir barreli 53,6 dollardan baha satılır.

Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar artaraq 63,23 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Ekspertlərə görə, ABŞ-ın Venesuelaya mümkün neft sanksiyaları Birləşmiş Ştatlardakı neftayırma zavodları üçün xam neftin mənbəyini kəsəcək. Bunun da ABŞ-a təsirləri daha çox hiss olacaq.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, Venesuelada neft istehsalının kəskin azalmasına baxmayaraq, ötən ilin oktyabrında bu ölkədən Birləşmiş Ştatlara gündəlik 506 min barrel neft göndərilib. Hazırda Venesuela Kanada, Səudiyyə Ərəbistanı və Meksikadan sonra ABŞ-a ən böyük 4-cü xam neft tədarükçüsüdür.

Son illərdə ABŞ-ın neft hasilatının artmasına baxmayaraq, bu, tələbatı tam ödəmir. Ona görə də Birləşmiş Ştatlarda benzin, reaktiv yanacaq və digər neft məhsullarının istehsalı üçün Venesueladan gələn həm ucuz, həm də ağır xam neftə ehtiyac yaranır.