Taxıl qıtlığı bahalaşmaya səbəb ola bilər - FOTO

27 İyul, 2017 16:25 | İqtisadiyyat | Baxış sayı: 149
Taxıl
Taxıl

Bu il yağıntıların miqdarı çox olub

Şimal bölgəsinin iri taxılçılıq rayonu olan Xaçmaz rayonunda biçin başa çatmaq üzrədir. Artıq 6071 hektar sahədə yetişdirilən arpa biçini başa çatıb. 17051 hektar sahədə beçərilmiş taxıl sahələrinin bu günəcən 16887 hektarında isə biçin aparılıb, qalan sahələrdən isə məhsul yığımı son bir gün ərzində başa çatacaq.

İstiPress-in şimal bürosuna bu barədə Xaçmaz kənd təsərrüfatı idarəsinin bitkiçilik şöbəsinin rəisi Altay Hacəliyev açıqlama verib. Onun sözlərinə görə, keçən illə müqayisədə bu il rayonda taxıl sahələri az əkilib. Əgər keçən il fermerlər Xaçmazda 22856 hektar sahədə taxıl əkmişdilərsə, bu il bu rəqəm 17051 hektara enib.

Altay Hacəliyev bunun səbəbini rayonda bəzi fermerlərin taxılla yanaşı, fındıq əkilməsinə də meyl etməsi ilə əlaqələndirib. İdarə rəsmisi bu il taxılçılıqda məhsuldarlığın keçən illə müqayisədə aşağı düşməsini də vurğulayıb.

Keçən il taxılçılıqda hər hektardan məhsuldarlıq 35,81 sentner olmuşdusa, bu mövsüm isə 34,98 sentner qeydə alınıb. Altay Hacəliyev bunun səbəbini isə taxılın səpini və becərilməsi zamanı yağıntının miqdarının çox olması ilə izah edib. Onun sözlərinə görə, taxılın zəmidəcə alıcısı daha çoxdur.

Keçən il bazarda buğdanın 1 kq-ı 20-25 qəpik idisə, bu il elə zəmidəcə buğdanı iş adamları kiloqramını 30 qəpiyə alır. Bir azdan bu qiymətin qışqabağı daha baha olacağı gözlənilir. Rayondakı un dəyirmanları da buğdanın tədarükünü indidən görərək taxılın alınmasında fəal iştirak edirlər. Bütün bunlar isə taxılçının maya dəyərini çıxarmaqda, rifahının yaxşılaşmasında müsbət rol oynayır.