Qeyri-formal məşğulluğun qarşısını ən az alan rayonlar - SİYAHI

26 İyul, 2019 17:40 | İqtisadiyyat | Baxış sayı: 64

Yardımlı, Qobustan, Hacıqabul

Azərbaycanda 2018-ci ilin sonu, 2019-cu ilin birinci yarısı ərzində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində ən aşağı göstəriciyə malik rayonların adları açıqlanıb.

İstiPress-in məlumatına görə, Baş Nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri Əli Əhmədov komissiyanın rayon (şəhər) məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə deyib ki, regionlar üzrə göstəricilər müxtəlifdir: "Ağcabədidə formal, yəni rəsmi məşğul əhalinin bütövlükdə məşğul əhaliyə nisbəti 61,60 faizə, Qəbələdə 52,2 faiz, Şəkidə 51,5 faiz, Xaçmazda 50,7 faiz, Abşeronda 50,6 faizə bərabərdir. Digər rayonlarda isə bu göstərici 50 faizdən aşağıdır. Rəsmi məşğul əhalinin bütövlükdə məşğul olan əhaliyə nisbətində ən aşağı göstəriciləri olan rayonlar Yardımlı rayonu (26,5 faiz), Qobustan (25,8 faiz), Hacıqabul (22 faiz) rayonlarıdır".

Baş Nazirin müavini qeyd edib ki, sahibkarlar da daxil olmaqla, qanuni əsaslarla formal əməklə məşğul olan əhalinin sayı 1 min 721 min 976 nəfər təşkil edir. Bura kənd təsərrüfatı sahəsində məşğul olanlar daxil deyil. Bunların 1 milyon 503 min nəfər muzdlu işçilər, qalanları isə sahibkarlıqla məşğul olanlardır. Bunun 1 milyon 36 min 484 nəfəri Bakı şəhərindədir. Ölkə üzrə formal məşğulluq bütövlükdə məşğul əhalinin 57,3 faizini təşkil edir. Bakı üzrə isə formal məşğul əhalinin bütövlükdə məşğul əhaliyə nisbəti normaldır. Bakıda formal, yəni rəsmi şəkildə məşğul işçilər bütövlükdə məşğul əhalinin 93,8 faizini təşkil edir”.