İlham Əliyevin iştirak etdiyi forum işə başladı

26 Aprel, 2019 09:25 | İqtisadiyyat | Baxış sayı: 44
İlham Əliyev
İlham Əliyev

“Bir kəmər, bir yol” Forumu Pekində keçirilir

Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edir.

Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar. “Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlər təşkil olunacaq.

İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin bütün qonaqlara təşəkkürünü bildirdi. İlk forumdan sonra təşəbbüsü dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlığın qurulduğunu deyən Çinin dövlət başçısı hazırda “Bir kəmər, bir yol” təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırdı. 

Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş “Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətindən danışdılar. Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkdilər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildirdilər. Bununla da forumun birinci hissəsi başa çatdı.