Bakıda qazdan kütləvi zəhərlənmə olmayıb - RƏSMİ

26 Yanvar, 2020 14:31 | İqtisadiyyat | Baxış sayı: 31

"Qazın tərkibində zəhərlənməyə səbəb olacaq maddələrin olması barədə deyilənlərin isə heç bir əsası yoxdur"

Yanvarın 25-i gecə saatlarında sosial şəbəkələrdə Bakı şəhərində 40-dan çox adamın kütləvi qazdan zəhərlənməsi barədə yayılan xəbərlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Azəriqaz” İstehsalat birliyi birgə məlumat yayıb.

İstiPress-in məlumatına görə, daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə getmək çağırışları edilsə də, yayılan xəbərlər həqiqətə uyğun deyil:

“25 yanvar 2020-ci il tarixində dəm qazından kütləvi şəkildə zəhərlənmə halı baş verməyib. Video materialdakı kadrlar isə ayrı-ayrı vaxtlarda çəkilən kadrların montaj olunaraq hazırlandığını deməyə əsas verir. Qazın tərkibində zəhərlənməyə səbəb olacaq maddələrin olması barədə deyilənlərin isə heç bir əsası yoxdur.

Əhalidən xahiş edirik ki, belə yanlış məlumatlara inanmasınlar. Dəm qazı ilə bağlı yarana biləcək hər hansı narahatlığa görə TƏBİB-in 103 qaynar xətti, “Azəriqaz” İB-nin isə 104/185 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur”.