Sosial evlərin təhvil verilmə vaxtı açıqlandı

25 Dekabr, 2017 09:25 | İqtisadiyyat | Baxış sayı: 747
Sosial evlər
Sosial evlər

1843 ev üçün 7500-dən çox adam sənəd verib

Yasamalda inşa edilən sosial mənzilərin təhvil verilmə vaxtı açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev əvvəlcə Agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisinin hazırkı vəziyyəti barədə məlumat verib.

Onun sözlərinə görə, ötən il prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir. Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Növbəti ilin yay aylarında kompleksin ilk mənzillərinin gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək.

Yasamal Yaşayış Kompleksinin tikintisində 20-dən artıq şirkət iştirak edir və ümumi tikinti prosesinə 3 min nəfərə yaxın işçi cəlb olunub. Güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib. www.yasamal.mida.az internet səhifəsində informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq mümkündür.

Səhifəyə daxil olanlar Yasamal Yaşayış Kompleksinin baş planı, hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri ilə tanış ola biləcəklər. Saytda, həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, qurumla əməkdaşlıq edən banklar və digər məlumatlar var.

"Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi ilə 7500-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib. Agentlik tərəfindən tezliklə “Güzəştli mənzil” sisteminin növbəti satış modulu da istifadəyə veriləcək və vətəndaşlar üçün bütövlükdə yaşayış kompleksinin hər bir binası, satışa çıxarılan mənzillərin interyeri ilə virtual qaydada tanış olmaq və seçim etmək imkanı təmin ediləcək.