Prezident Bakıda ucuz evlərin təməlini qoydu

25 Dekabr, 2017 09:20 | İqtisadiyyat | Baxış sayı: 116
Hövsanda inşa ediləcək sosial mənzillər
Hövsanda inşa ediləcək sosial mənzillər

Yeni binalar Hövsanda tikilir

Bakıda daha bir sosial bina tikilir. İstiPress-in məlumatına görə, prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunacaq Hövsan Yaşayış Kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Kompleksin 20 hektarlıq ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.

Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır.

Dövlətimizin başçısı Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlini qoyub.

Prezident təməl qoydu
Prezident təməl qoydu